...

Baş Prokurorluq Azərbaycanda andlılar məhkəməsi institutundan imtina edilməsini rəsmən əsaslandırdı

Cəmiyyət Materials 19 İyun 2014 10:37
Azərbaycanda andlı məhkəmələrə bağlı müddəalar qanunvericilikdən tamamilə çıxarılır.
Baş Prokurorluq Azərbaycanda andlılar məhkəməsi institutundan imtina edilməsini rəsmən əsaslandırdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda andlı məhkəmələrə bağlı müddəalar qanunvericilikdən tamamilə çıxarılır.

Milli Məclisdən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycanda andlılar məhkəməsi institutundan imtina edilməsinə dair rəsmi əsaslandırma verib. Bununla bağlı Baş Prokurorluq tərəfindən parlamentə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin qəbul olunması zərurətinə dair əsaslandırma sənədi daxil olub.

Sənəddə Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində aparılmış islahatlar və bu sahədə görülmüş işlər barədə geniş məlumat verilir. Bununla yanaşı, qeyd edilir ki, təklif edilən layihə dövlətin maliyyə-iqtisadi siyasətinə uyğundur: "Məhkəmələrdə işlərə andlı iclasçılardan ibarət tərkibdə baxılması ədalət mühakiməsinin cinayət qanunvericiliyində təsbit olunmuş təqsirə görə məsuliyyət prinsipinə, cinayət-prosessual qanunvericiliyin "qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək" tələbinə, təqsirsizlik prezumpsiyasına və cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə tam əməl olunmaması ilə nəticələnə bilər. Məhkəmədə işlərə andlı iclasçılar tərəfindən baxılarkən onlar tərəfindən çıxarılan verdiktin qəbul olunmasında hakimin iştirak etməməsi şəxsin təqsirliliyi məsələsinin həllində və həqiqətin müəyyən edilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbul edilməsinə səbəb ola bilər. Andlı iclasçılar əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olmaqla bir sıra hallarda hüquqi məsələlərlə bağlı mühakimə irəli sürmək, fıkir ifadə etmək və düzgün nəticə çıxarmaq imkanlanına malik olmur, öz həyat təcrübələrinə, ətraf sosial mühitin təsiri nəticəsində formalaşmış təsəvvürlərə, müəyyən əraziyə xas olan adət və ənənələrə əsaslanırlar. Bu isə faktiki olaraq cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi yüksək peşəkarlıq tələb edən fəaliyyət olduğundan, işin faktiki hallarının araşdırılması, sübutlann mümkünlüyü, qiymətləndirilməsi, şəxsin təqsirliliyi, Azərbaycan Respublikası adından çıxarılan yekun məhkəmə qərarının qanuni və əsaslı olması prosesi müvafiq xüsusi bilik və təcrübə tələb edir".

Qeyd edək ki, Azərbaycanda qanunvericilikdən andlı məhkəmələrlə bağlı müddəaların tamamilə çıxarılması ilə əlaqədar "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən, mövcud "Məhkəmələr və hakimlər haqqında" qanunun 4-cü (Məhkəmələrdə işlərə baxılması) maddəsindən "yaxud andlı iclasçılardan ibarət tərkibdə", 27-ci (Ağır cinayətlər məhkəməsinin tərkibi) və 30-3-cü (Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin tərkibi) maddələrindən "Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər", eləcə də Keçid müddəalarından "Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir" ifadələri çıxarılır.

Bundan əlavə, qanunun 115-123-cü maddələrini əhatə edən XXI fəsli (Andlı iclasçılar) ümumiyyətlə ləğv edilir.

Təklif edilən qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub. Milli Məclisin növbəti plenar iclasının iyunun 20-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, uzun illərdir Azərbaycan qanunvericiliyində andlılar məhkəməsi ilə bağlı müddəalar yer alsa da, təcrübədə heç vaxt tətbiq olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti