...

Azərbaycanda turizmlə bağlı keçirilən sorğunun nəticələri açıqlandı

Cəmiyyət Materials 19 İyun 2014 17:45 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun Bakıda tanışlıq səfərində olan rusiyalı biznes turizm bazarı iştirakçıları arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Azərbaycanda turizmlə bağlı keçirilən sorğunun nəticələri açıqlandı

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun Bakıda tanışlıq səfərində olan rusiyalı biznes turizm bazarı iştirakçıları arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Rusiyanın MICE (biznes turizm) bazarı iştirakçıları üçün təşkil edilən tanışlıq səfərinin əsas məqsədi Azərbaycanı onlara tanıtmaq və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək idi.

Sorğu çərçivəsində iştirakçılardan Azərbaycanda maraqlandıqları əsas sahələri qeyd etmək və ekspert kimi bu və ya digər sahənin inkişafı üçün təkliflərini bildirmək xahiş edilmişdi.

Sorğu iştirakçıları ölkədə yaradılan infrastrukturu, tarixi-mədəni abidə və obyektləri yüksək dəyərləndirib, eləcə də ölkədə fəaliyyət göstərən hotellərdən məmnunluqlarını ifadə ediblər. Azərbaycan öz zəngin mədəniyyəti, tolerantlığı və qonaqpərvərliyi ilə də rusiyalı qonaqların rəğbətini qazanıb.

Şəhərimizin qonaqları həm də ölkəmizdə qərb və şərq mədəniyyətlərinin, qədimiliyin və müasirliyin necə unikal bir vəhdətdə əks olunduğunun şahidi olublar.

Sorğu iştirakçıları, həmçinin Bakı ilə bağlı assosiasiya yaradan dəyərləri də müəyyən ediblər. Nəticədə "tarix" və "inkişaf" əsas dəyərlər kimi müəyyən edilib. Səfər iştirakçılarının böyük bir qismi ölkənin sürətli inkişafı və bunun öz növbəsində, Azərbaycanda turizmin inkişafına müsbət təsirini qeyd edib. Rusiyalı qonaqlar, həmçinin ölkədə müasir baxışın mövcudluğundan məmnunluq ifadə edərək, turistlər üçün təhlükəsizliyin təmin olunmasının da yüksək səviyyədə olmasını xüsusi qeyd ediblər.

Bu sorğu ölkəmizin güclü tərəflərini təhlil etməyə imkan verir, eyni zamanda, iri tədbirlərin təşkili sahəsində imkanları tədqiq etmək üçün dəyərli bir vasitə sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti