...

Azərbaycanda 200 nəfər hərbi xidmət və Çernobıl AES əlilinə minik avtomobili verildi (FOTO)

Cəmiyyət Materials 20 İyun 2014 12:36 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 200 nəfər hərbi xidmət və Çernobıl AES əlilinə minik avtomobili verildi
Azərbaycanda 200 nəfər hərbi xidmət və Çernobıl AES əlilinə minik avtomobili verildi (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyunun 20-də cari ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə "Naz-Lifan" markalı minik avtomobillərini təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 46 nəfəri isə Çernobıl AES əlilidir.

Avtomobillərin təqdim olunması zamanı müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin daim cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd olunub ki, dövlət başçısının 17 mart 2014-cü il tarixli fərmanı ilə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizədək artırılıb. Son bir ildə isə həmin təqaüdlərin orta aylıq məbləğində 68 faiz artım özünü göstərib. Eyni zamanda, həmin şəxslərin xüsusi nəqliyyatla təminatında mühüm addımlar atılır. Belə ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, cari ilin aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı həyata keçirilib.

Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxsin də xüsusi avtonəqliyyatla tam təminatı istiqamətində ƏƏSMN tərəfindən əməli işlər aparılır. Bu gün onlardan artıq 200 nəfəri avtomobillə təmin olunur və qalanlarına da yaxın aylarda avtomobillər təqdim ediləcək.

Tədbirdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar və Çernobıl AES əlilləri daim onların rifah halının yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti