...

Azərbaycanda ilk dəfə kəskin insult xəstəsinin beyin damarında tromb əməliyyatı uğurla aparılıb

Cəmiyyət Materials 8 İyul 2014 11:53
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.
Azərbaycanda ilk dəfə kəskin insult xəstəsinin beyin damarında tromb əməliyyatı uğurla aparılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.

ATU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 36 yaşlı xəstə qadın Universitetin Tədris Terapevtik Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beyinin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.

ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarından trombun çıxarılması (trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-aritmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.

Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: "Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultu ortaya çıxaran səbəblər araşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti