...

"Azəryolservis" ASC ittihamlara cavab verdi

Cəmiyyət Materials 18 İyul 2014 14:12 (UTC +04:00)
“Azəryolservis” ASC onlara qarşı bəzi KİV-lərdə yer almış ittihamlara cavab verib.
"Azəryolservis" ASC ittihamlara cavab verdi

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

"Azəryolservis" ASC onlara qarşı bəzi KİV-lərdə yer almış ittihamlara cavab verib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, bəzi KİV-də Hacıqabul-Bəhramtəpə avtomobil yolu və Bakının Babək prospekti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib: "Yazılara diqqət yetirdikdə aydın olur ki, göstərilən məlumatlar qərəzlidir və cəfəngiyyatdan başqa bir şey deyil. Məlumatda bildirilir ki, guya ikiqat asfalt-beton örtük döşənərək istismara verildikdən sonra Hacıqabul-Bəhramtəpə avtomobil yolunda çökmə baş verib və bundan sonra yola üçüncü qat asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Sensasiya naminə, məsələyə qərəzli yanaşanlara sual olunur: Magistral avtomobil yolunda asphalt-beton örtüyünün neçə laydan ibarət olmasını bilməyən şəxslərin yol təsərrüfatının gördüyü işlərlə bağlı araşdırma yazması gülünc deyilmi? Çoxlu sayda yaşayış məntəqələrini, eyni zamanda suötürücü kanallar, kollektorlar üzərindən keçən Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 62 km-lik məsafəsini uzun müddətə tikinti işləri ilə əlaqədar necə bağlamaq olar? Bundan əlavə, işlərin mərhlələli formada aparıldığı yolda nəqliyyatın hərəkətinin müvəqqəti buraxılması nə vatxdan istismara verilmə kimi qəbul olunur?"

P.Mürsəliyev "Azəryolservis" ASC tərəfindən düzgün çatdırılan məlumatlara qərəzli yanaşanların nəzərinə bir daha çatdırıb ki, magistral avtomobil yollarında yol geyimi üç laydan ibarət olur: "Bunlardan biri bitumlu əsas, digəri əlaqələndirici, sonuncu isə üst aşınma layıdır. Sovet dövründən fərdli olaraq, avtomobil yollarnın tikintisi zamanı hazırda qüvvədə olan inşaat norma və qaydaları ilə yanaşı, müxtəlif ölkələrin təcrübəsindən istifadə edilərək yol geyiminin gücləndirilməsinə dair təkmilləşdirilmə aparılır. Eyni zamanda, istifadə edilən materiallar laborator müayinədən keçirilir, torpaq yatağı müasir texnikadan istifadə edilərək təbəqə-təbəqə kipləşdirilir və nəhayət, asfalt layları arasında keyfiyyəti artırmaq üçün müasir texnologiyalardan istifadə edilir".

O, paytaxtın Babək prospekti ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Ən acınacaqlısı odur ki, Babək prospektində bir neçə dəfə təmir işlərinin aparılmasını və kommunikasiyaların dəyişdirilməsini iddia edənlərin ağlına belə gəlməyib ki, Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələri 2007-ci ildən yol-təsərrüfat orqanının balansına götürüldüyü vaxtdan bu günədək sözügedən prospektdə heç bir təmir işi aparılmayıb. Qeyd etmək yerinə düşər ki, Sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa olunan prospekt artıq artan hərəkət şiddətini qəbul etmədiyi üçün yaxın vaxtlarda əsaslı təmir olunacaq".

"Azəryolservis" rəsmisi yol təmirinin növləri haqqında heç bir bilgisi olmayanların nəzərinə çatdırıb ki, əsaslı təmir işləri zamanı kommunikasiya xətlərinin istismarı ilə məşğul olan qurumlara yazılı şəkildə müraciət olunur, daha sonra həmin qurumlar tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq işlərə başlanılır: "Asfalt-beton örtüyü döşəndikdən sonra istismara verilən yolda kommunikasiya xəttində problem yarandıqda yol-təsərrüfat orqanı buna görə heç bir məsuliyyət daşımır. Belə hallar baş verərsə, bütün məsuliyyət bu işlərin icrası ilə məşğul olan qurumların üzərinə düşür. Bir sözlə, yerində araşdırma aparmadan, eyni zamanda qarşı tərəfin mövqeyini öyrənmədən yoxlanılmamış, bilərəkdən belə məlumatların mətbuata çıxarılmasının səbəbi ictimai rəyi çaşdırmaq, yol-təsərrüfatı orqanının həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti