Azərbaycan, Bakı, 23 iyul /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 8, 1-ci mərtəbə ünvanında fəaliyyət göstərən fiziki şəxs Məclumov Emil Fərhad oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, satışda olan yay mallarına 50% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs E.Məclumov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.