...

Respublika Hərbi Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Cəmiyyət Materials 25 İyul 2014 15:52 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Respublika Hərbi Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ilin I yarısında dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Müşavirədə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun və Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın, eləcə də dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Azərbaycan Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 10-da altı ayın yekunlarına dair iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən X.Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.

Cari ilin birinci yarısında Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 978 müraciətinə baxılıb, 460 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1459 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1218 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar "Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı"na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparıblar.

Həmçinin qeyd olunub ki, Respublika Hərbi Prokurorluğu üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən Novruz bayramı və Silahlı Qüvvələr Günü münasibətilə hərbi prokurorluq əməkdaşları rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələrində, həmçinin düşmənlə üzbəüz yerləşən mövqelərdə hərbi qulluqçular qarşısında çıxışlar edib, şəxsi heyətin tibbi, məişət və s. təminatları ilə maraqlanıb, hərbi hissələrə, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.

X.Vəliyev diqqətə çatdırıb ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 14 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.

Hesabat dövründə xidməti fəaliyyətlərində fərqlənmiş 12 əməkdaş hərbi prokurorun təqdimatına əsasən, baş prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilib, 5 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 39 əməkdaşı isə müxtəlif medallarla təltif edilib.

İlin birinci yarısında Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Müşavirədə çıxış edən respublika hərbi prokurorunun müavini Rasim Kazımov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsində, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı X.Vəliyev kollegiyaya yekun vuraraq deyib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti