...

İran nümayəndə heyəti Dövlət Bayrağı Meydanı və "İçərişəhər"lə tanış olub

Cəmiyyət Materials 7 Avqust 2014 17:42 (UTC +04:00)
Dövlət Bayrağı Meydanı və “İçərişəhər”lə tanışlıq iranlı qonaqlarda xoş təəssürat yaratmışdır.

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 7-də Dövlət Bayrağı Meydanında və "İçərişəhər"də olmuşdur.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Bayrağı Meydanı ilə tanışlıq zamanı, iranlı qonaqlara məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanı 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılımışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Diqqətə çatdırılmışdır ki, ümumi ərazisi 60 hektar olan meydanda bayraq dayağının hündürlüyü 162 metrdir. Dövlət bayrağı dirəyi dünyada ən hündür bayraq dirəklərindən biridir. Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
İran nümayəndə heyəti həmçinin, dövlət başçısının təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşlar.

Daha sonra qonaqlar "İçərişəhər"lə tanış olmuşlar. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "İçərişəhər"in tarixi, memarlıq abidələri barədə məlumat qonaqların diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, "İçərişəhər" ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Dövlət Bayrağı Meydanı və "İçərişəhər"lə tanışlıq iranlı qonaqlarda xoş təəssürat yaratmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti