...

Azərbaycan bölgələrində insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri yaradılacaq

Cəmiyyət Materials 19 Avqust 2014 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı qurumlarla birgə insan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması, onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planı insan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər silsiləsini əhatə edir. Plana əsasən, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə həssas qrupa aid qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması, "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"ın təkmilləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin icrası üzrə tədbirlərin gücləndirilməsi, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi təmin olunacaq. Sənəddə əmək miqrasiyasına nəzarətin gücləndirilməsi, insan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görüləcək. Belə şəxslər üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına aidiyyatı qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcək. Həmçinin insan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarına malik olmaları, onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi üzrə tədbirlər gücləndiriləcək.

Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstəriləcək. Psixoloji-sosial durumundan asılı olaraq, reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, uşaqlarla işləyən sosial iş institutunun formalaşması, yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində aidiyyəti qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Tədbirlər Planında respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq səylərin gücləndirilməsi, insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti