Bu gün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi Qərb zonası üzrə "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olub. Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında baş tutan görüşdə "Azərsu" ASC-nin məsul işçiləri, Gəncə şəhərinin ziyalıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Gəncə şəhərində möhtəşəm "Heydər Əliyev Mərkəzi və Park Kompleksi" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətləri ilə bağlı videoçarx izləndikdən sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Mikayıl Zeynalov açılış nitqi söyləyib.
"Azərsu" ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov, ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov çıxış edərək bildiriblər ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran kompleks tədbirlər planının, o cümlədən geniş miqyaslı layihələrin icrasında beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadəni əsas götürür. Bunları nəzərə alaraq Cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilirlər. Bu prosesin davamı olaraq "Azərsu" ASC "Regional Təlim İnkişaf proqramı-1" çərçivəsində respublikanın regionlarında, o cümlədən Cəmiyyətin tabeçiliyində olan törəmə səhmdar cəmiyyətlərdə və "Birləşmiş Sukanal" MMC-nin tabeliyində olan sukanal idarələrində müxtəlif istiqamətləri əhatə edən "Kompleks təlim proqramı"larının icrasına start verib. Gəncə şəhərində təşkil olunan bu təlimlərdə yaradılan şəraitə görə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürlərini bildirən natiqlər "Azərsu" ASC-nin rəhbərliyi adından şəhər rəhbərliyinə hədiyyələr təqdim ediblər.
"Hazırda Qərb bölgəsini əhatə edən və mərkəz olaraq Gəncə şəhərinin seçildiyi 11 şəhər və rayon üzrə (Gəncə TSC, Ağstafa SKİ, Daşkəsən SKİ, Gədəbəy SKİ, Goranboy SKİ, Göygöl SKİ, Naftalan SKİ, Qazax SKİ, Samux SKİ, Şəmkir SKİ və Tovuz SKİ) kompleks təlimlər keçiriləcək. Ümumilikdə 1500 nəfərə yaxın işçiyə 9 istiqamət üzrə təlimlərin verilməsi nəzərdə tutulub. Bunlardan 263 nəfər işçinin Gəncə şəhərində keçiriləcək təlimlərə cəlb olunması planlaşdırılır.
10 sentyabradək davam edəcək təlimlər interaktiv-diskussion seminar və praktiki məşğələlər formatında həyata keçiriləcək. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər sonda "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində təlimçilərin və iştirakçıların asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir."- bu sözləri "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə çıxışında bildirib.
Sonda xatirə şəkli çəkilib.