...

Amerikanın "Baker Hughes" şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2014 10:54 (UTC +04:00)
Amerikanın "Baker Hughes" şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik Bakı Ali Neft Məktəbinin rektoru və rəhbər heyəti ilə görüşmüşdür.
Amerikanın "Baker Hughes" şirkətinin nümayəndələri
Bakı Ali Neft Məktəbində olublar (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Amerikanın "Baker Hughes" şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik Bakı Ali Neft Məktəbinin rektoru və rəhbər heyəti ilə görüşmüşdür. Görüş zamanı qonağı şirkətin universitetlərarası əlaqələr və işəgötürmə üzrə mütəxəssisi Ekaterina Mişşina və Azərbaycan nümayəndəliyinin bir sıra rəhbər əməkdaşı müşayiət etmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, qısa zaman müddətində fəaliyyət göstərməsinə baxmayaraq, ali məktəb kifayət qədər uğurlara nail ola bilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider ola bilmişdir. BANM-in əməkdaşlıq etdiyi beynəlxalq universitetlər və şirkətlər haqqında məlumat verən rektor ali məktəbin tələbələri üçün şirkətlərdə müxtəlif təlim və stajkeçmə imkanlarının yaradıldığını, bunun tədrisin praktik nöqteyi-nəzərdən təşkilinə mühüm töhfə verdiyini vurğulamışdır.

Şirkətin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik onun neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərdiyini və ümumilikdə 58.000-dən çox işçiyə sahib olduğunu bildirmişdir. Eyni zamanda, Baker Hughes şirkətinin 11 texnoloji mərkəzə malik olduğunu və elm və texnologiya sahələrinə külli miqdarda investisiya yatırımı etdiyini vurğulamışdır.

İxtisaslı kadr axtarışında olduqlarını qeyd edən cənab Vudvik Baker Hughes şirkətində tələbələr üçün stajkeçmə proqramının həyata keçirildiyini bildirmiş və BANM tələbələrinin də bu proqramdan bəhrələnmələri arzusunda olduğunu ifadə etmişdir.

Qarşılıqlı əməkdaşlıq üçün potensial imkanların mövcud olduğunu ifadə edən tərəflər bunun üçün müvafiq hüquqi bazanın yaradılması barədə razılığa gəlmişdir.

Daha sonra şirkətin nümayəndələri tələbələr qarşısında prezentasiya ilə çıxış etmiş və interaktiv müzakirələr aparmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti