...

91 ölkənin naziri Bakıya gəlir

Cəmiyyət Materials 26 Sentyabr 2014 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 28-30-da Bakıda ilk dəfə olaraq Gənclər Siyasəti üzrə I Qlobal Forum keçiriləcək. Bununla əlaqədar 91 ölkədən 200-dək rəsmi nümayəndə Bakıya səfər edəcək. Forumda ümumilikdə 700 nəfərin iştirakı gözlənilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa Şurası, YUNESKO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olub. Layihənin önəmini qeyd edən bir sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.

Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri professor Saleh A.Alnassar forumun önəmindən danışarkən qeyd edib ki, əfsuslar olsun ki, heç də dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclər siyasəti sahəsi haqqında qanunlar qəbul edilib, bu istiqamətdə işlər aparılmır: "Forumun önəmi gənclər siyasəti sahəsində yeniliklərin əldə olunması, dünyanın bir çox ölkələrinin təcrübələrindən yararlanma olacaq. Bir çətir altında dünyanın müxtəlif ölkələri ilə təcrübə mübadiləsinin aparılması, yeni bilik və ideyaların əldə olunması, gənclər siyasətində görülən işlərin qiymətləndirilməsi istiqamətində önəmli məqam olacaq. Əminəm ki, forum gənclər siyasəti sahəsində çalışan hər kəs üçün yeni ilham mənbəyi və daha böyük layihələrə imza atılmasında ən uğurlu başlanğıc olacaq".

Forumun önəmi ilə bağlı fikirlərini bölüşən digər rəsmi şəxs isə Serbiyanın gənclər və idman naziri Vanja Udoviçiçdir. Nazir Serbiyanın gənclər siyasəti sahəsində digər ölkələr üçün maraqlı təcrübə ola biləcək işlər gördüyünü qeyd edib: "Ölkəmizin regional, Avropa və beynəlxalq səviyyədə böyük uğurlara imza atmasına baxmayaraq, təcrübə mübadiləsinin aparılması, yeni bilik və informasiyanın əldə edilməsi çox böyük önəm daşıyır. Tam əminliklə deyə bilərəm ki, oktyabr ayında Bakıda keçiriləcək forumda Serbiya müxtəlif - təhsil, səhiyyə, təhlükəsizlik və digər sahələrdə həyata keçirdiyi layihələri böyük məmnuniyyətlə digər ölkələrlə də bölüşəcək".

Forumda iştirak etmək üçün elan əsasında 200 gənc seçiləcək. Bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub.

Bundan əlavə, forumda müxtəlif ölkələrdən 200 nazir, nazir müavini və dövlət nümayəndələrinin, 200 QHT nümayəndəsinin və 100 ekspertin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, artıq forumun rəsmi: www.youthpolicy.org saytı da fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti