Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranda cinsi yolla və narkotik maddələri iynə vasitəsilə QİÇS-ə yoluxma halları artıb. Bunu İranın QİÇS Araşdırmalar Mərkəzinin sədri xanım Mino Mohraz deyib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.
M. Mohraz deyib ki, Səhiyyə Nazirliyinin rəsmi statistikasına görə, ölkədə 30 minə yaxın QIÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır, lakin qeydiyyata düşməyənlərin sayı 100 min nəfərdən çoxdur.
"Narkotik maddələri xüsusi ilə iynə vasitəsindən istifadə narkotik aludəçiləri arasında cinsi əlaqələrin 10 faiz artmasına səbəb olur. Bu da QIÇS-ə yoluxma ilə nəticələnir. Bir çox hallarda narkotik istifadəçiləri bu virusun daşıyıcısı olduqlarından xəbərsizdirlər"
M.Mohraz deyib ki, ölkədə bütün qurumlar narkotiklərlə mübarizədə birləşməlidir. "Ona görə ki, narkotikdən istifadə əxlaqsızlıq və yolxucu xəstəliklərin artmasına gətirib çıxarır".
Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İranda QİÇS-ə yoluxmuş şəxslərin 46,1 faizi 25-36 yaşlı gənclərdir.Ölkədə QİÇS-ə yoluxanların 69 faizi isə bu virusa narkotik maddələri iynə vasitəsilə qəbul etməklə yoluxublar.
QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə QİÇS-ə yoluxanların sayı kəskin artıb.