Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda az ağır, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətləri, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddətləri, eləcə də cinayət işi üzrə ibtidai istintaqın müddətlərini artırır.
Milli Məclisdən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (CPM) bir sıra dəyişikliklər edilməsi nəzərdə tutulur.
CPM-in 158.1-ci maddəsinə ediləcək dəyişikliyə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müdddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən ediləcək.
Mövcud qanunvericiliyə görə, bu müddət az ağır cinayət törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 3 (üç) ay həddində müəyyən edilir.
CPM-in 159.7-ci maddəsinə ediləcək dəyişikliyə görə, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq az ağır cinayətlər üzrə 7 (yeddi) ay, ağır cinayətlər üzrə 10 (on) ay, xüsusilə ağır cinayətlər üzrə 13 (on üç) aydan artıq ola bilməz.
Mövcud qanunvericiliyə görə isə cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq az ağır cinayətlər üzrə 6 (altı) ay, ağır cinayətlər üzrə 9 (doqquz) ay, xüsusilə ağır cinayətlər üzrə 12 (on iki) aydan artıq ola bilməz.
CPM-in 218.10-cu maddəsinə ediləcək dəyişikliyə görə, bu Məcəlllənin 218.3-218.9-cu müddəalarına riayət etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda az ağır cinayətin törədilməsində ittiham üzrə - 10 (on) aydan, ağır cinayətin törədilməsində ittiham üzrə - 13 (on üç) aydan, xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə - 19 (on doqquz) aydan çox olmayan müddətlər daxilində qurtarmalıdır.
Mövcud qanunvericiliyə görə, göstərilən cinayət işləri üzrə ibtidai istintaq az ağır cinayətin törədilməsində ittiham üzrə - 9 (on) aydan, ağır cinayətin törədilməsində ittiham üzrə - 12 (on iki) aydan, xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə - 18 (on səkkiz) aydan çox olmayan müddətlər daxilində qurtarmalıdır.