Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Azərbaycan-İran əlaqələrinin inkişafında KİV mühüm rola malikdir. Bu baxımdan AzərTAc İranın xəbər agentlikləri ilə hərtərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Bu fikir oktyabrın 16-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) bir qrup iranlı jurnalistlə keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov qonaqlara AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. AzərTAc ilə İranın İRNA və MEHR xəbər agentlikləri arasında əlaqələrdən bəhs edən Baş direktor etibarlı tərəfdaşlıq mühitinin yaradılmasına tərəfdar olduğunu diqqətə çatdırıb, beynəlxalq və regional media qurumlarında birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
AzərTAc-ı qarşıda mühüm hadisələr gözləyir. 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi keçiriləcək, 2019-cu ilədək bu qurumlara AzərTAc rəhbərlik edəcək. Bu haqda məlumat verən Baş direktor beynəlxalq miqyaslı həmin tədbirlərin İranın xəbər agentlikləri ilə əməkdaşlığın inkişafına da əlavə imkanlar yaradacağını deyib.
A.Aslanov AzərTAc ilə İranın xəbər agentlikləri arasında əlaqələrin davamlı inkişafına nail olmaq üçün qarşılıqlı səfərləri artırmağı, təcrübə mübadiləsi aparmağı təklif edib.
Görüşdə ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin qurulmasında mühüm xidmətləri xatırlanıb, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olmasından məmnunluqla söhbət açılıb. Baş direktor Azərbaycan Prezidentinin İrana son səfərinin ölkələrimiz, o cümlədən KİV arasında əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Azərbaycan artıq beynəlxalq siyasi, humanitar, idman tədbirlərinin keçirildiyi bir məkandır. Bakı Beynəlxalq Humanitar Forumu bu tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edir. Bakı Humanitar Forumunun hətta Davos İqtisadi Forumu ilə müqayisə olunduğunu söyləyən Aslan Aslanov bu mötəbər tədbirin dünyanın bütün qitələrində böyük rəğbət qazandığını, bəşəriyyəti düşündürən aktual məsələlərin həllinə töhfə verdiyini deyib.
Medianın ölkələrimiz arasında əlaqələrin dərinləşməsində xüsusi rol oynadığı barədə fikrə şərik çıxan iranlı jurnalistlər AzərTAc-ın materiallarını müntəzəm izlədiklərini, saytın yeni dizaynını bəyəndiklərini söyləyiblər. Onlar bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Sammiti ilə bağlı məlumatları AzərTAc-ın operativ yayımladığı videoxəbərlər vasitəsilə aldıqlarını bildiriblər. Belə bir fikir də səslənib ki, iranlı jurnalistlərin Bakıya bu səfəri, keçirilən görüşlər ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Sonda baş direktor A.Aslanov iranlı jurnalistlərin suallarını cavablandırıb.