Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda elmlə məşğul olan şəxslər üçün 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi elan edilib.
Elmin İnkişafı Fondundan Trend-ə verilən məlumata görə, 2-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsi üçün Elmin İnkişafı Fondu öz tərəfindən 500 min manat ayırır. I müsabiqədən fərqli olaraq ikinci müsabiqədə bütün elm sahələri və istiqamətləri əhatə olunacaq. Ekspertiza keçirildikdən və qaliblər elan olunduqdan sonra 2015-ci ilin I yarısında layihələrin maliyyələşdirilməsinə başlanacaq.
Fond fəaliyyət göstərdiyi 5 il ərzində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb.
AMEA-dan, təhsil müəssisələrindən, nazirliklərin strukturunda fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, QHT-lərdən yüzlərlə alim və mütəxəssis bu qrantlardan bəhrələnib. Nəticədə dünyanın nüfuzlu elmi jurnallarında Elmin İnkişafı Fondunun qrantlarına istinad edilən məqalələrin sayı artır. Fond tədqiqatların modern cihaz təminatına və xaricdə kadr hazırlığına, gənc alimlərə xüsusi diqqət verir.
İlin sonunadək Elmin İnkişafı Fondu tərəfindən ən müxtəlif istiqamətlər üzrə daha 5 müsabiqənin elan edilməsi planlaşdırılır.