...

Azərbaycanda işəgötürənlərin risk səviyyələri müəyyən ediləcək

Cəmiyyət Materials 6 Noyabr 2014 12:22 (UTC +04:00)
Azərbaycanda yüksək və orta risk qrupuna aid olan işəgötürənlərin müəyyən edilməsi və onlar üzərində dövlət və ictimai nəzarətin intensivliyinin artırılması nəzərdə tutulub.
Azərbaycanda işəgötürənlərin risk səviyyələri müəyyən ediləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yüksək və orta risk qrupuna aid olan işəgötürənlərin müəyyən edilməsi və onlar üzərində dövlət və ictimai nəzarətin intensivliyinin artırılması nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

F.Əlizadə qeyd edib ki, bu məsələ artıq hökumətə təqdim edilmiş Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli Strategiya layihəsində öz əkini tapıb. Sənəddə Əməyin Mühafizəsi Fondunun yaradılması, əməyin mühafizəsi üzrə milli informasiya resursunun, Milli İnformasiya Mərkəzinin yaradılması da planlaşdırılır. Bu mərkəz yaradıldıqdan sonra artıq bütün işəgötürənlər üçün əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı ixtisasartırma, peşə kursları burada keçiriləcək.

Xidmət rəisi bildirib ki, Azərbacanda yeni açılan müəssisələrin hesabına məşğul əhalinin sayı ilbəil artır. Son 15 il ərzində hər 100 min nəfər işçi sayına görə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, xəsarət alma və ölümlə nəticələnən hadisələr üzrə statistik göstəricilər stabil qalıb: "Son 10 ildə ölkədə 1 milyon 200 min yeni iş yeri açılmışdır. Bunların da bir çoxu emal, tikinti, sənaye sektorunu əhatə edir. Bu sahələrdə bədbəxt hadisələrin sayının stabilliyinin qorunub saxlanılmasını uğurlu addım saymaq olar".

DƏMX rəisi qeyd edib ki, ümumiyyətlə, Xidmət tərəfindən aşkar olunmuş hüquq pozuntularının 20 faizi məhz əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verir. Bu ilin yanvar-sentyabr ayları ərzində 14 609 hüquq pozuntusu aşkar edilib.Bu səbəbdən baş verən hüquq pozuntularının 80 faizi özəl sektorun payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti