...

Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin "ali hüquq təhsili" məsələsi ilə bağlı qərarına aydınlıq gətirdi

Cəmiyyət Materials 12 Noyabr 2014 11:54 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun "Beynəlxalq hüquq" ixtisasına ali hüquq təhsili statusu verilməsi ilə bağlı qəbul etdiyi qərarına aydınlıq gətirib.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin "ali hüquq təhsili" məsələsi ilə bağlı qərarına aydınlıq gətirdi

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun "Beynəlxalq hüquq" ixtisasına ali hüquq təhsili statusu verilməsi ilə bağlı qəbul etdiyi qərarına aydınlıq gətirib.

Trend xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin rəsmi saytında yerləşdirilmiş məqaləsində qeyd edib ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında qəbul edilmiş "Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş "ali hüquq təhsilli" müddəasının şərh edilməsinə dair" 2014-cü il 30 iyun tarixli Qərarında vurğulanıb ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında Konstitusiyada təsbit olunmuş təhsil hüququ ilə əlaqədar qeyd edib ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq üçün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun: "Hüquq bərabərliyi konstitusiya prinsipi ali təhsil, o cümlədən ali hüquq təhsili sahəsində hüquq və azadlıqların həyata keçirilməsində fərqli yanaşmanın aradan qaldırılmasına təminat verərək, ali hüquq təhsilinin hər hansı ixtisaslaşdırılma meyarına görə fərqləndirilməməsini şərtləndirir. Əks halda dövlətin təhsil sahəsində müəyyən etdiyi tələblərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb olar".

F.Abullayev bildirib ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş "ali hüquq təhsilli" müddəası "Hüquqşünaslıq" ixtisası ilə bərabər "Beynəlxalq hüquq" ixtisası üzrə ali təhsili də ehtiva edir.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, bu qərarın önəmi ali hüquq təhsili anlayışına aydınlıq gətirməklə yüzlərlə ali təhsilli kadra karyera qurmaqda maneçilik törədən boşluğun aradan qaldırılmasıdır. Belə ki, qərar "Beynəlxalq hüquq" ixtisası üzrə ali təhsil almış şəxslərin də Azərbaycanda hakim, vəkil, notaruis və prokurorluq işçisi ola bilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti