...

Pensiya islahatlarının yeni mərhələsində könüllü sığortalanmanın tətbiqi nəzərdə tutulur

Cəmiyyət Materials 12 Noyabr 2014 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərməkdədir. Trend xəbər verir ki, bunu "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq pensiya islahatlarının yeni mərhələsində nəzərdə tutulan könüllü sığortalanmanın tətbiqi məsələlərini şərh edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Fond sədri bildirib ki, qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

DSMF və Avropa İttifaqının birgə layihəsinin qarşısında duran vəzifələrdən bəhs edən E. Mehdiyev bildirib ki, layihənin qeyri-dövlət pensiya fondları ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti üzrə meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir. Belə ki, qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.

Diqqətə çatdırılıb ki, qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti