...

7 oğul istərəm (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2014 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

2009-cu il avqustun 11-də Bakıdan Klimancaro dağına 7 adam yola düşmüşdü. Tam tərkibdə azərbaycanlılardan ibarət heyət- Azərçin Muradov, İlqar İsrafilov, Hüseyn Bağırov, Yaqub Əsədov, Adil Fərəcullayev, Eldar Ələkbərov, Teymur Nəcəfzadə. Ad və soyadların yazılması bu materialın hazırlanmasında əsas səbəblərdən biridır... Bu yaxında "Azərbaycanda alpinizmin yaranma tarixi və inkişaf yolu"nu yazmağa çalışan bir yazıya rast gəldim.

1936 -cı ildən başlayaraq hazırkı tarixi əks etdirən yazıda L.Zorin, O.Tereşenko, O.Drozdovskiy, G.Qvozdev, E.Manuçarov, İ.İvanova, N.Pankratova, A.Voskresenski, G.Silkov, Y.Qorin, N.Levenko, Y.Karumidze, Q.Mironov, S.Kuçukaeva,Vladimir Sereda və onlarla bu kimi digərləri... Həmin yazıda alpinizmin tarixini yazmağa çalışmışdılar. Adları çəkilənlərin iştirakı ilə... Yuxarıda sadalanan və "Azərbaycan dağçılığının tarixini yazan" rusdilli heyəti hörmətlə yad edirəm.

Tanıyanlar bilir. Bilməyənlər üçün deyim ki, 2008-ci ildən ekstremal idman mühitindəyəm. Daha öncədən bu günə qədər isə publisistika və audio-vizual yaradıcılıqla məşğulam. 2009-cu ildə "I Azərbaycan Afrika Elmi-İdman Ekspedisiyası"nın tərkibində mən də var idim. Xoşbəxtlikdən... Radikal millətçi də deyiləm. Yenə də xoşbəxtlikdən... Amma 8 bəndlik bir xatırlatmam var. Bu xatırlatmalar Azərbaycan dağçılığının tarixini və dolayısıyla Azərbaycan tarixini "yazmağa çalışan" tarixçiyə olacaq. Və bunu mütləq xatırlatmalı və qəbul etdirməliyəm.

Çox arzu edirəm ki, ölkəmdə yaşayan, azərbaycanca fikirləşməyi və azərbaycanca danışmağı bacaran, bu ölkənin dağında bir parça daş, buz tutan şəlalələrində bir damcı su olan, işğal edilən torpaqlarımızı, təhqir edilən namusumuzu düşünəndə əsəblərini qoruya bilməyən insanlar anlasınlar məni. Digərlərinin anlaması üçün başqa yazı yazılmalıdı... O yazını isə mən yazmıram... Amma 8 bəndlik bir xatırlatma demişdim. Deyirəm:

Dağlarımızda külək var. Bu külək şimaldan daha sərt, daha qandonduran və dağlara sahiblənəcək halda əsir. Bu külək bir Azərbaycanlının ciyərlərinə çəkəcəyi hava deyil.

20 ildən çoxdur yuxarıda adları sadalanmayan onlarla insan dağlarımızı sözün bütün yaxşı mənalarında təmizləməklə məşğuldurlar. Zibildən, təxribatçılardan, dağlara qənim kəsilənlərdən...

10 ilə yaxındır Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası -FAİREX adlı bir federasiya yuxarıda arzu etdiyim keyfiyyətlərdə olan dağçıların yetişməsi üçün sinəsinə dağ çəkir. İndi də o dağı görürük...

Son 10 ildə, hər il eyni vaxtda yüzlərlə azərbaycanlının dağlara qalxmasını, zirvələrdə olmasını təşkil və təmin edən insanlar var. Heç vaxt dağlarımız 500 - 600 nəfəri eyni vaxtda qarşılamamışdı. Bu yürüşləri təşkil edənlər istəyir ki, dağlar əsl sahiblərini hiss etsinlər, insanlarsa öz dağlarını, öz havalarını...

Azərbaycanın paytaxtında və regionlarda onlarla süni dırmanma mərkəzləri yaradan və bu mərkəzləri təmənnasız istifadəyə verən insanlar var. Azərbaycanın milli komandalarının heç bir yarışdan qalmaması, təcrübə qazanması, əlaqələr qurması üçün maddi və mənəvi dəstək olan insanlar var.

Artıq 2 ildir Azərbaycan dağçılıq ölkəsi hesab edilərək İdman Dırmanması üzrə Dünya Kubokuna ev sahibliyi edir. Dünyanın dağçılıq mütəxəssisləri, atletləri Bakıda keçirilən İdman Dırmanması üzrə Dünya Kuboklarını dağçılıq sahəsində inkişaf etmiş ölkələrə misal çəkirlər.

Hər il "Ümid" yarışları, respublika çempionatları, dağçılıq məktəbləri ilə minlərlə gənci dağçılığa cəlb edən bir qurum və insanlar var.

FAİREX tərəfindən reallaşdırılan beynəlxalq ekspedisiyalar və bu tərkiblərdəki milli heyətlər var.
Daha çox xatırlatmalar var. Amma bu çarəsiz tarixçi qoy bunları araşdırsın. Azərbaycanda alpinizmin yaranma tarixi və inkişaf yoluna ciddi redaktələr olacağına əmin edirəm.Yoxsa bu tarix deyil, daha çox kiminsə diktəsi ilə yazılan imlaya bənzəyir.

Vicdan olsun, qərəz olmasın. Dağlar olsun, şəxsi maraqlar olmasın. Azərbaycan olsun... Sizə 2009-cu ildə reallaşan "I Azərbaycan Afrika Elmi-İdman Ekspedisiyası"nın bir neçə fotosunu təqdim edirəm. 7 acıqlı kişinin ekspedisiya zamanı çəkilən bir neçə fotosunu.

Bu 7 adam 7 gün ərzində dünyanın 7 ən uca zirvəsindən birində oldular, bir oldular. İnsanlıq dərsi keçmək fikrim yoxdu. Bu 7 nəfərdən biri mən olsam belə bu tarixi unutmamağa, bu tarixlə fəxr etməyə çağırıram. Dosta da, düşmənə də göstəriləcək bir tarixdi. Bunu təkzib etmək, deməmək olmaz. Olsa da bu hərəkətin adını bura yaza bilmərəm... Və sonda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası -FAİREX , "I Azərbaycan Afrika Elmi-İdman Ekspedisiyası" yazın və google-da axtarın. Daha çox şey tapacaqsız cənab tarixçi...

Teymur Nəcəfzadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti