...

Binəqədi rayonunda "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2014 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Binəqədi rayonunda İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İDEA İctimai Birliyinin nümayəndəsi, "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan, həmin qurumların bir qrup nümayəndəsi, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər, fiziki məhdudiyyətli uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayonun Xocəsən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında gerçəkləşən tədbir açıq elan edildikdən sonra "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib. Məlumatda bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirmişdir. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilmiş, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunmuş, ekoloji tədbirlər və müsabiqələr keçirilmiş, sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilmişdir.

Daha sonra dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilib. Son illərdə rayon ərazisində yeni salınmış 27 abad məhəllədə, yeni inşa edilmiş 24 mini parkda, əsaslı təmir edilmiş 11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255.168 kv.m çəmən örtüyü yaradıldığı, 50.221 ədəd gül-çiçək və dekorativ bitkilər, eləcə də 12.800 ədəd ağac əkildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən İDEA İctimai Birliyinin nümayəndəsi, "Azərsun Holdinq"in baş direktoru S.Uzan və Binəqədi RİH başçısının müavini Aygün Əliyeva tədbirin əhəmiyyətindən danışıb, Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıblar.

Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən milli musiqilərimizin sədaları altında başlayan ağacəkmə aksiyasında Binəqədi RİH başçısı X.İsgəndərov fiziki məhdudiyyətli uşaqlarla birgə ağaclar əkib. Aksiya çərçivəsində mindən artıq zeytun və "Leylandra" adlı şam ağacı əkilib. Fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqətin göstərilməsi, onların bu ictimai faydalı işdə yaxından iştirakının təmin olunması onlar tərəfindən sevinclə qarşılanıb və bu, tədbirə əlavə rəng qatıb.

Binəqədi rayon gəncləri belə aksiyaların təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya öz təşəkkürlərini bildirmiş və ona rayon gəncləri adından simvolik olaraq rəsm tablosu hədiyyə ediblər. Aksiya yekunlaşdıqdan sonra iştirakçılar və qonaqlar furşet masası ətrafına dəvət olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti