Azərbaycan, Bakı, 25 noyabr /Trend/
"Batumidə qeydə alınan qalmaqalların mənbəyi məlum idi. Bu, Azərbaycana və Azərbaycan QHT-lərinə qarşı bir təxribatı idi. Vaxtında müdaxilə etməsəydik, onlar öz istəklərinə nail olacaqdılar". Trend-in məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
O, Batumi forumunda baş verənlərlə bağlı bəyanatla çıxış edib. İlk olaraq Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunun xüsusi əhəmiyyət daşıdığını bildirən U.Rəhimoğlu bu tədbirdə Azərbaycan QHT-lərinin iştirakının vacibliyini önə çəkir. Bu müasir forumun vətəndaş cəmiyyəti təmsilçiləri üçün ciddi müzakirə və mübarizə meydanı olduğunu qeyd edən U.Rəhimoğlu rəhbərlik etdiyi təşkilatın bu forumda ilk dəfə təmsil olunduğunu bildirib.
Forumda yaşanan hadisələr, baş verənlər haqqında çoxlu müzakirələr və yazıların olduğunu qeyd edən BAMF sədri yerli mətbuatın bəzi məqamlarda səhvlərə yol verdiyini də etiraf edib: "Xüsusilə, məlumatların ilk mənbədən yayılmaması forumun ilk günlərində cəmiyyət tərəfindən yanlış təəssürat formalaşmasına rəvac verib".
Onun sözlərinə görə, forumda ilk ciddi qalmaqal məhz Çexiyanın "People in Need" təşkilatının foyeyə stendlər quraşdıraraq, Azərbaycana dair tənqidi plakatlar asması ilə başladı. Stendlərdə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət əsassız formada tənqid olunur və bəzən təhqirlərə də yer verilirdi: "Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, foruma qatılmaqdan imtina etdi. Biz bildirdik ki, insan haqlarının pozulmasına dair hallar başqa ölkələrdə, məsələn, Belarusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada var. Nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir? Təəssüf ki, bizim nümayəndə heyətindən bir neçə nəfər bütün cəhdlərimizə rəğmən iclas zalına daxil oldular. Bununla belə, biz etirazımızı bildirdik, çünki belə bir plakatın yerləşdirilməsi forumun proqramına daxil deyildi və məsələ sadəcə bizə qarşı qərəzli münasibətin inikası idi".
Stendləri yerləşdirən Çexiyaya məxsus təşkilatın Avropada ermənipərəst bir təşkilat kimi tanındığını bildirən U.Rəhimoğlu hətta bu təşkilatın Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışdığını xüsusi qeyd edib: "Azərbaycan nümayəndə heyəti forumda bu cəhdin qarşısını aldı. Ermənilər bu addıımı MDB məkanındakı münaqişə ocaqlarından fərqli olaraq, yalnız bu ərazidə rus ordusunun təmsilçilərinin olmaması ilə əsaslandırmağa çalışırdılar. Mən forumda çıxış etdim və bəyan etdim ki, rus ordusu Dağlıq Qarabağda olmasa da, İrəvandadır, bu ölkənin parlamentindədir, idarə strukturlarındadır. Bizim bu istehzalı çıxışımız forum iştirakçıları arasında ciddi təəssürat yaratdı. Bundan başqa, erməni nümayəndə heyətinin üzvləri cəbhə xəttində vurulmuş Ermənistana məxsus helikopterlə bağlı məsələni də forumun gündəminə daxil etməyə cəhd etdilər. Bizim ciddi təpkimizdən sonra onların bu istəyi də baş tutmadı. Ən vacib nüanslardan biri də "People in Need"in rəhbər şəxslərinin Azərbaycanın işğal olunmuş torpaqlarına, Dağlıq Qarabağa buna qədər bir neçə dəfə qanunsuz səfərlər etməsidir. Göründüyü kimi, bu təşkilatın Azərbaycana qarşı niyə belə addım atmasının səbəbi məlumdur. Bu təşkilata bir sıra erməni QHT-ləri lobbiçilik edir, xüsusilə, Batumi qalmaqalının əsas dirijorlarından biri Ermənistanın vətəndaş cəmiyyəti təmsilçisi Boris Novosardiyanın bu təşkilata təlimatlar verdiyi ortaya çıxdı. Hətta forumun rəsmi foto və video çəkilişini aparanlar əslən erməni olan işçilər idi".
Tədbirin ən vacib məqamlarından biri isə forumda Azərbaycanda insan hüquqları ilə bağlı məruzənin müzakirəyə çıxarılması idi: "Təsəvvür edin, məruzə başdan-ayağa qərəzli və onu da tərtib edən məruzəçilərdən biri Artur Saqunts adlı erməni idi. Prosesin Azərbaycanın əleyhinə cərəyan etdiyini görüb yenidən çıxış etmək qərarına gəldim və söz haqqı istədim. Belə bir məruzənin, özü də erməni əsilli birisinin hazırladığı sənədin forum iştirakçıları tərəfindən qəbul olunmasının çox ciddi səhv olacağını və Azərbaycanın vətəndaşı cəmiyyəti təmsilçilərinin bu forumla gələcək əməkdaşlığını sual altına alacağını iştirakçıların diqqətinə çatdırdım. Səsvermə bizim xeyrimizə başa çatdı və biz auditoriyadan dəstək aldıq. Müşahidə etdiyimiz ən vacib detallardan biri də foruma moderatorluq və həmsədrlik edən şəxslərin aydın şəkildə bizə qərəzli mövqe sərgiləməsi və iştirakçıları bu məruzəni qəbul etməyə yönləndirməsi idi. Təsadüfi deyil ki, forumdakı iclasda bu məruzənin müzakirəsi zamanı moderator əslən polşalı Kristof Babinski təkid edərək səsvermənin yenidən keçirilməsini istədi. Mən və nümayəndə heyətindəki digər həmkarlarım Sabir Bağırov və İradə Rzazadə yenidən çıxış etdik və belə bir sənədin qəbulunun hansı mənfi nəticələrə gətirib çıxaracağını sadaladıq. Yenidən gizli formada keçirilən səsvermədə 32 nəfər əleyhinə və 29 nəfər lehinə olmaqla sənəd qəbul edilmədi".
BAMF sədri təəssüf etdiyini bildirir ki, forumun bəzi iştirakçıları bu səsvermə prosesi ilə bağlı mətbuata səhv informasiya verib, guya ermənilərin də sənədin əleyhinə olduğunu deməklə cəmiyyəti aldatmağa cəhd edirlər. Ermənilərə bəraət qazandırmaq heç də onların adını uca etmir. Əksinə, bunun məyusedici bir hal olduğunu bildirən U.Rəhimoğlu həmin şəxsləri belə strateji məsələlərdə öz siyasi maraqlarından çıxış edərək ictimai marağı manipulyasiya etməkdənsə, öz vicdanlarının səsinə qulaq asıb milli maraqlarımızı qorumağa çağırır: "Əgər forumda nümayəndə heyəti arasında həmrəylik olsaydı, plakat məsələsi, qərəzli məruzə və digər qalmaqallar ciddi rezonans doğurmazdı. Əksinə, nümayəndə heyətiçox asanlıqla bu problemləri həll edərdi. Təəssüf ki, biz əksini müşahidə etdik".