Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Emil İsmayılov/
2015-ci ildə 1 barel neftin qiymətinin 60 dollar səviyyəsində qalması müqabilində ARDNŞ-nin itkiləri təqribən 400 milyon dollar təşkil edə bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə əsasən, ARDNŞ neftin qiymətinin düşməsindən güclü təsir hiss etmir ki, bu da Dövlət Neft Şirkətinin hasil etdiyi neft və qazın böyük hissəsinin ölkənin daxili tələbatının ödənilməsinə ayrılması və fiksasiya edilmiş dövlət qiymətinə satılması ilə əlaqədardır: "Mütəxəssislərimizin hesablamalarına əsasən, dövlət büdcəsində neftin qiymətinin 90 dollar səviyyəsində götürülməsini nəzərə almaqla neftin qiyməti 60 dollar səviyyəsində olarsa, təqribən 400 milyon manat fərq gözlənilir. Bu, ARDNŞ üçün böyük fərqdir, lakin elə də qorxulu deyil. Bu rəqəmi digər xərcləri nizamlamaq yolu ilə idarə etmək mümkün olacaq".
S.Qasımov vurğulayıb ki, ARDNŞ-nin hasil etdiyi neftin maya dəyərinin orta hesabla 1 tona görə təqribən 90-100 manat təşkil etdiyini nəzərə alsaq, bu göstəricini barelə çevirəndə 1 barelə görə təqribən 15 dollar təşkil edir. Şirkətin ixrac həcmi çox kiçikdir və hasilat əsasən daxili imkanların təmin edilməsinə yönəldilir.
PSA müqavilələri çərçivəsində ARDNŞ-nin iştirak payı məsələsinə gəlincə, vitse-prezident deyib ki, bu pay böyük deyil: "Əgər "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi layihəsindən illik divident təqribən 300-400 milyon dollar təşkil edərsə, bu rəqəm təxminən yarıyadək azala bilər. Bu baxımdan bu, bizi çox qorxutmur. Layihələrin reallaşdırılması dayandırılmır, xüsusilə "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin maliyyələşdirilməsi təmin ediləcək".