Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 25 il keçir. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında qədim Gəncə öz adına qovuşub.
Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 il sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. O zamanlar Gəncənin adını bərpa etmək böyük çəsarət tələb edirdi. 1980-ci ildə isə ulu öndər Heydər Əliyevin təkidi ilə Gəncə şəhəri iki rayona bölünüb. Rayonlardan biri Kəpəz digər isə Gəncə adlandırılıb.
1989-cu ilin 29 noyabrında Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edib. Qərarda deyilirdi: "Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq "Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın".
1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirilib və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşılayıb.
Beləliklə, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu sonda uğurla nəticələnib. Azadlıq və istiqlaliyyətin ilk müjdəsi olaraq Gəncə adının qaytarılmasından sonra bir müddət fırtınalar və burulğanlar içində çalxalanan qədim şəhər xalqın təkidli tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində nicat yolunu tapdı. Bu gün Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayan Gəncə elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi və gözəlliyi ilə bu möcüzəli diyara gələnləri heyran edir.