...

Səhiyyə naziri: Regional diaqnostika mərkəzləri insanlara yüksək səviyyədə xidmət edir

Cəmiyyət Materials 30 Dekabr 2014 16:36 (UTC +04:00)
Bu gün Regional Diaqnostika mərkəzlərində lazımi avadanlıqların olması onların insanlara yüksək səviyyədə xidmət etməsinə imkan verir.
Səhiyyə naziri: Regional diaqnostika mərkəzləri insanlara yüksək səviyyədə xidmət edir

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Regional diaqnostika mərkəzlərində lazımi avadanlıqların olması onların insanlara yüksək səviyyədə xidmət etməsinə imkan verir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bir neçə il əvvəl ölkə başçısı Dövlət Neft Şirkətinə regionlarda diaqnostika mərkəzlərinin yaradılması barədə tapşırıq verib: "İlk Diaqnostika Mərkəzinin yarandığı vaxtdan demək olar ki, 10 ilə yaxın vaxt keçib. Bu gün bu mərkəzlərdə açıq ürək əməliyyatları aparmaq olur. Bütün lazımi avadanlıqların olması, təchizat, ümumiyyətlə, belə mərkəzlərin tikilməsi imkan yaradır ki, bu mərkəzlər insanlara lazımi qaydada, yüksək səviyyədə xidmət etsin".

O.Şirəliyev bildirib ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar əvvəllər Avropa ölkələrinin bəzilərində, Rusiyada sümük iliyi transplantasiyası həyata keçirdirdilər: "Bu, böyük vəsait, mütəxəssis tələb edən işdir. Biz bunu nə vaxt həyata keçirə biləcəyimizi düşünürdük. Respublika Talassemiyya Mərkəzində 2014-cü il ərzində artıq 10 sümük iliyi transplantasiyası həyata keçirilib. İlk əməliyyatlar Belarus mütəxəssislərinin köməyi ilə həyata keçirilsə də, sonralar mütəxəssislərimiz öncə 10 faiz, sonra 30, 50, 80 faiz halda öz cərrahlarımızın iştirakı ilə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirməyə başladı. Bu gün isə bu əməliyyatlar yalnız öz mütəxəssislərimizdən ibarət əməliyyat qrupu tərəfindən icra olunur".

Nazirin sözlərinə görə, bir neçə il əvvəl hemodializli xəstələrə ölümə məhkum insanlar kimi baxılırdı. Lakin hazırda 3000-ə qədər insan dövlət hesabına hemodializ alır. Bir neçə müəssisədə böyrək transplantasiyası əməliyyatları aparılır: "Əvvəllər insanlar pulsuz dializ üçün hətta həftədə 3 dəfə Bakıya gəlməyə razı idilər ki, təki yaşasınlar. İndi rayonlarda belə mərkəzlər fəaliyyət göstərir. Bunun nəticəsidir ki, sadə insanların dövlətinə inamı artır".

O.Şirəliyev dağınıq sklerozun çox böyük problem olduğunu da söyləyib. O, əlavə edib ki, bu gün artıq 700-ə qədər xəstə dövlət hesabına müalicə edilir.

Nazir bildirib ki, xroniki xəstəliklərlə bağlı qeydiyyata alınan uşaqların 55 faizi dispanser qeydiyyatdan çıxarılıb: "Bu o deməkdir ki, həmin uşaqların xəstəliyi vaxtında aşkar edilməsəydi, müalicə olunmasaydı, onlar ömürlük əlil, xəstə adam kimi qalacaqdılar. İldən-ilə də xəstəlikləri inkişaf edəcəkdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti