...

Bakı yollarının dilənçi dərdi

Cəmiyyət Materials 6 Yanvar 2015 12:18 (UTC +04:00)
Paytaxt polisi yollarda dilənçiliklə məşğul olan şəxslərə qarşı görülən tədbirləri gücləndirəcək.
Bakı yollarının dilənçi dərdi

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Paytaxt polisi yollarda dilənçiliklə məşğul olan şəxslərə qarşı görülən tədbirləri gücləndirəcək. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, küçə və yollarda bir sıra xidmət növləri üzrə hazırlanmış reklam xarakterli materialların paylanması, xüsusilə də bəzi şəxslərin dilənçilik etməsi yollarda nəqliyyatın hərəkətinə maneə yaradır, bu da istər-istəməz sıxlığın və yol qəzalarının baş verməsinə səbəb olur: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, yol polisi əməkdaşları yollarda dilənçilik edən və avtomobillərin sərbəst hərəkətinə mane olan şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə dərhal məlumat verəcək və onlar barəsində qanunvericiliyə uyğun olaraq operativ tədbirlər görüləcək".

V.Əsədov qeyd edib ki, bununla bağlı İdarəyə narazı sürücülərdən çoxsaylı müraciətlər də daxil olub: "Sürücülər narazılıq edirlər ki, yolda işıqforda dayanarkən qəflətən kimsə yolun hərəkət hissəsində, avtomobilin qarşısında, yanında peyda olur, avtomobilin şüşələrini döyür və əl açaraq pul istəyirlər. Bu da istər-istəməz həm avtomobildəki şəxslərin narahatlığına səbəb olur, həm də sürücülərin diqqətini yol hərəkətindən yayındırır. Bu isə yollarda qəza şəraitinin, insanların həyatı üçün təhlükənin yaranmasına səbəb olur".

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Bakıda polis əməkdaşlarının son bir neçə gün ərzində keçirdiyi profilaktiki tədbirlər nəticəsində paytaxt ərazisində avara və dilənçi həyat tərzi keçirən 100-dən çox şəxs saxlanılıb. Onların arasında qadınlar və azyaşlılar çoxluq təşkil edir. Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti