...

Azərbaycanda yeni reklam qaydaları tətbiq ediləcək

Cəmiyyət Materials 2 Fevral 2015 18:14 (UTC +04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında "Reklam haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Azərbaycanda yeni reklam qaydaları tətbiq ediləcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında "Reklam haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, yeni qanun layihəsində alkoqollu içkilərin, abortun reklamı, dərs vəsaitlərinin üzərində reklamların yerləşdirilməsi, dərman peraparatlarının reklamı, hərbi təyinatlı silahların reklamı, açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı bir sıra qadağalar və yeni qaydalar öz əksini tapıb.

Deputatlar qanun layihəsinin müzakirəsi zamanı müxtəlif təklif və iradlarını səsləndiriblər.

Millət vəkili Azay Quliyev qanuna münasibət bildirərək "Reklam haqqında" yeni qanun layihəsində sosial reklamların pullu və pulsuz olması barədə məsələnin düzgün olmadığını diqqətə çatdırıb. A.Quliyev qeyd edib ki, sosial reklamlar birmənalı şəkildə pulsuz olmalıdır. Onun sözlərinə görə, televiziya və radio kanalları bu maddədən istifadə edərək sosial reklamların pulla yayımlamağa üstünlük verəcəklər.

Millət vəkili Qənirə Paşayeva da sosial reklamın pullu olmasının əleyhinə çıxış edib. O qeyd edib ki, sabah istənilən televiziya kanalı bu maddəni əsas gətirərək dövlət qurumları tərəfindən təqdim olunan sosial reklamların yayımlanmasından asanlıqla imtina edə bilər: "Qanun layihəsində sosial reklamın pulsuz yayılması birmənalı şəkildə öz əksini tapmalıdır".

Millət vəkili Əli Məsimli isə televiziya və radio kanallarını sosial reklamları gecə saatlarında deyil, əhalinin televiziyalara daha çox baxdığı zaman yayımlanmasını məqsədəuyğun hesab edib: "Televiziya kanalları sosial reklamları əsasən gecə saatlarında yayımlayır. Lakin sosial reklamlar gündüz saatlarında yayımlanmalıdır ki, insanlar o reklamları görsünlər və o reklamların effekti olsun".

Millət vəkili Siyavuş Novruzov isə sosial reklamlarla bağlı konkret vaxtların müəyyən edilməsini məqədəuyğun hesab edib: "Sosial reklamların yayımlanması ilə bağlı konkret vaxtlar müəyyən edilməlidir. Bu televiziya kanalları bu vaxtın olmadığından istifadə edir. Düzdür, televiziya kanalları sosial reklamlarla bağlı götürdükləri öhdəlikləri yerinə yetirirlər, amma səhər saat 6-da, heç kimin televiziyaya baxmadığı vaxtda".

Daha sonra deputat Gövhər Baxşəliyeva isə televiziya kanallarında bəzi reklamların insanlar üçün zərərli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, tibbi baxımdan tumu reklam etmək düzgün deyil.

Millət vəkili Qüdrət Həsənquliyev isə mərc oyunlarının reklam edilməsinin qadağan olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu cür reklamlar bir çox ailələri bəlaya salır.

Digər millət vəkilləri də qanun layihəsinə münasibət bildirdikdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti