...

Bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək

Cəmiyyət Materials 5 Fevral 2015 13:02 (UTC +04:00)
Azərbaycanda bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək.
Bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılan "Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsində qeyd olunur.

Qanunda bildirilir ki, bələdiyyə qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

Qanunun 5.2 bəndinə əsasən, bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Həmçinin bələdiyyə qulluqçusunun insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar və hərəkətlər etməsi qanunla qadağan edilir.

Üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub.

Qanunda vurğulanır ki, bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Etik davranış qaydalarını pozan bələdiyyə qulluqçuları intizam məsuliyyətinə cəlb olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti