Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda 60-a yaxın yeni termin müəyyənləşdirilərək qəbul edilib. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə deyib.
Onun sözlərinə görə, dilimizdə işlənməyən bu yeni terminlər ilk dəfə olaraq müəyyənləşdirilib. Terminlərin çoxu informatika, bir hissəsi isə inşaat sahəsi üzrədir. Yeni terminlər artıq Komissiya tərəfindən "Terminologiya məsələləri" bülletenində nəşr edilib.
S.Sadıqova bildirib ki, hazırda komissiyada fövqəladə hallarla bağlı terminlər lüğəti, eləcə də "Bioinformatika üzrə terminlər izahlı lüğəti" müzakirə edilir. Ötən il ərzində isə "İzahlı fəlsəfə terminlər lüğəti", "Ehtimal nəzəriyyəsi və riyazi statistika terminlər lüğəti", "Alınma terminlər lüğəti" çap edilib.