...

Avropa Oyunları zamanı xidmət göstərəcək avtobus və taksi sürücülərinin siyahısı müəyyənləşdirilib

Cəmiyyət Materials 12 Fevral 2015 16:25 (UTC +04:00)
Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı avtobus və taksi sürücülərinin geyim formasında dəyişiklik olacaq.
Avropa Oyunları zamanı xidmət göstərəcək avtobus və taksi sürücülərinin siyahısı müəyyənləşdirilib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı avtobus və taksi sürücülərinin geyim formasında dəyişiklik olacaq. Bununla əlaqədar Nəqliyyat Nazirliyində və Milli Olimpiya Komitəsində 6 növ geyim forması tərtib olunub. Gələn həftənin bazar ertəsi formalara baxış keçiriləcək və seçimlə bağlı son qərar veriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, xüsusi geyim forması ilə bağlı son qərar veriləndən sonra onların tikilməsi və paylanması prosesinə start veriləcək.

Ə.Cəfərov həmçinin qeyd edib ki, Avropa Oyunları zamanı zərurət yaranarsa, bəzi avtobus marşrutlarının dislokasiyası, eləcə də nəqliyyat vasitələrinin və sərnişinlərin sıxlığının müşahidə edildiyi avtobus dayanacaqlarının yeri müvəqqəti olaraq dəyişdiriləcək. Oyunlar zamanı avtobus marşrutlarının əhatə dairəsinin genişləndirilməsi isə işin gedişatından asılı olacaq.

İdarə rəsmisi əlavə edib ki, artıq Avropa Oyunları zamanı xidmət göstərəcək avtobus və taksi sürücülərinin, o cümlədən mühəndis-texniki işçilərin siyahısı müəyyənləşdirilərək müvafiq qurumlara göndərilib. Siyahıda minə yaxın şəxsin adı var: "Olimpiya Oyunları ərzində sərnişindaşımada hər hansı nizam-intizam qaydası pozularsa, istər İdarəmizin işçiləri, istərsə də sürücülər və sahibkarlar məsuliyyətə cəlb ediləcək, qanun qarşısında cavab verməli olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti