Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Hüseyn Vəliyev/
"Ookla" şirkətinin Netİndex reytinqinə əsasən, Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində daxil olan internet-trafikin həcmi 2015-ci ilin yanvarında 16,4 faiz artıb. Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
"Ookla"nın məlumatına görə, 2015-ci ilin yanvar ayında mobil şəbəkədə daxil olan internet-trafikin sürəti 2014-cü ilin dekabrı ilə müqayisədə 7,3 Mbit/s-dən 8,5 Mbit/s-dək artıb.
Göstərilən dövr ərzində Azərbaycanın mobil şəbəkələrində xaric edilən trafikin sürəti 2,5 Mbit/s-dən 3,5 Mbit/s-ə qədər artıb.
Daxil olan mobil internet-trafikin sürəti yanvarda stasionar şəbəkə üzrə müvafiq göstəricini 49,1% üstələyib.
Netİndex reytinqinə əsasən, Azərbaycanda yanvar ayında stasionar şəbəkədə daxil olan genişzolaqlı internet-trafikin sürəti 7,5% artıb və 5,7 Mbit/s təşkil edib.
Azərbaycanda göstərilən dövrdə stasionar şəbəkədə xaric edilən trafikin sürəti 17,1% artıb və 4,1 Mbit/s təşkil edib.