...

Azərbaycanda Novruz bayramı ərəfəsində mehmanxanalarda süni qiymət artımı ilə bağlı vəziyyət araşdırılıb

Cəmiyyət Materials 11 Mart 2015 10:55 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ərəfəsində mehmanxanalarda süni qiymət artımına yol verilib-verilmədiyini öyrənmək məqsədi ilə araşdırma aparıb.
Azərbaycanda Novruz bayramı ərəfəsində mehmanxanalarda süni qiymət artımı ilə bağlı vəziyyət araşdırılıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ərəfəsində mehmanxanalarda süni qiymət artımına yol verilib-verilmədiyini öyrənmək məqsədi ilə araşdırma aparıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Trend-ə deyib ki, turizm sahəsində qiymət siyasəti bazar tərəfindən formalaşdırılsa da, bu məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində Azərbaycanın regionlarında fəaliyyət göstərən mehmanxanalarda heç bir qiymət artımının müşahidə edilmədiyi məlum olub: "Əksinə, Şamaxı və Qubada fəaliyyət göstərən beş ulduzlu mehmanxanalar daha səmərəli fəaliyyət göstərmək üçün Novruz bayramı ilə əlaqədar qiymətlərində 20-30 faiz endirim edib".

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da Trend-ə bildirib ki, son dövrlərdə Azərbaycanın daxili turizm bazarında süni qiymət artımına yol verilməyib, hotellərin xidmətlərinin qiymətlərində dəyişiklik baş verməyib.

M.Ağakərimov bildirib ki, regionlarda qiymətlər mövsümdən və tələbatdan asılı olaraq dəyişilir. Həftənin şənbə-bazar günlərində tələbat daha çox olduğundan qiymətlərdə dəyişiklik olmasa da, digər günlərdə qiymətlər endirilir.

Onun sözlərinə görə, yalnız bayramqabağı deyil, ümumiyyətlə, il ərzində bir neçə dəfə müvafiq qurumların iştirakı ilə ölkə daxilində turizm xidmətlərinin göstərilmə vəziyyətini öyrənməkdən ötrü monitorinqlər keçirilir və buna uyğun olaraq da onlara nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti