...

Azərbaycanda bəzi süd məhsullarının istehsalına yeni tələblər qoyuldu

Cəmiyyət Materials 13 Mart 2015 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bəzi süd məhsullarının istehsalı üzrə dövlət standartlarına dəyişiklik edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, AZS 089-2003 "Kəsmik. Ümumi texniki şərtlər", AZS 092-2003 "Qatıq. Ümumi texniki şərtlər", AZS 121-2004 "Xama. Ümumi texniki şərtlər" dövlət standartlarına dəyişiklik edilib. Dəyişikliyin tətbiq vaxtı 1 iyun 2015-ci il tarixdən müəyyən edilib.

Dəyişikliyə əsasən, kəsmik, qatıq və xama məhsullarının istehsalında istifadə olunan bitki yağları bundan sonra kərə yağları ilə əvəz olunmalıdır. Belə ki, standartların əvvəlki tələblərinə əsasən istehsalda bitki yağından istifadəyə icazə verilirdi. Həmçinin AZS 089-2003 "Kəsmik. Ümumi texniki şərtlər" standartına əsasən dondurulmuş kəsmik havanın nisbi rütubəti 75%-dən cox olmamaqla mənfi 18 dərəcə C-dən yuxarı və mənfi 25 dərəcə C-dən aşağı olmayan temperaturda saxlanılmalı, qablaşdırılmasından, dondurulma üsulundan və saxlanma temperaturundan asılı olaraq dondurulmuş kəsmiyin yararlılıq müddəti 4 ayadək müəyyənləşdirilməli və istehsal müəssisəsindən buraxıldıqdan sonra ticarət şəbəkələrində mənfi 12 dərəcə C-dən yüksək olmayan temperaturda dondurulmuş kəsmiyin saxlanma müddəti ən çoxu 5 sutkayadək olmalıdır.

AZS 121-2004 "Xama. Ümumi texniki şərtlər" standartına olunan düzəlişə əsasən isə xama xüsusilə tez xarab olan ərzaq məhsulları üçün qüvvədə olan sanitariya qaydalarına riayət etməklə saxlanmalı, istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məmulatın yararlılıq müddəti istehsalçı tərəfindən, Azərbaycan Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənəddə müəyyənləşdirilməlidir və xamanın maksimal yararlılıq müddəti müsbət 2+4 dərəcə C temperaturda, havanın nisbi rütubəti 75% olmaqla 14 sutkayadək olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti