...

Gəncədə Novruz - el şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2015 20:28 (UTC +04:00)
El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, əcnəbi qonaqlar iştirak ediblər.
Gəncədə Novruz - el şənliyi keçirilib (FOTO)

Gəncə şəhərində Novruz - el şənliyi keçirilib.

El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, əcnəbi qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə baş meydanda ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə hörmət və ehtiram ifadəsi olaraq təravətli gül-çiçəklər qoyublar.

Novruz şənliyi Gəncənin Cavad xan küçəsində başlayıb. Burada carçı və zurnaçılar bütün el-obanı Novruz şənliklərinə qoşulmağa səsləyiblər. Dədə Qorqud, Novruzun atributları olan Keçəl və Kosa, əlində şərbət olan Bahar qızı izdihamın önünə gələrək bahar təbriklərini çatdırıblar. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Novruz bayramından öncə qeyd edilən su, od, yel və torpaq çərşənbələrinə həsr edilən meydan tamaşaları, şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifa şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.

Dəvə karvanı və atlıların keçidi, bəzədilmiş faytonlarda milli geyimli gənclər tədbiri daha da yaddaqalan edib. Gəncənin rəssamlıq və incəsənət məktəblərinin kollektivləri tərəfindən hazırlanmış sərgidə Novruz bayramını, yazın gəlişini əks etdirən rəsmlər nümayiş olunub.

El şənliyində dirədöymə, kəndirdartma, torbadaşıma və digər qədim oyunlara da tamaşa edilib. Daha sonra şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və qonaqlar bayram süfrəsi arxasında əyləşərək milli mətbəximizin ləziz təamlarından dadıb.

Tədbir şəhərin nəhəng səmənilərlə, yumurtalarla, kuklalarla, çadırlarla bəzədilmiş mərkəzi meydanında davam edib. Burada möhtəşəm Novruz tonqalı çatılıb, rəqs kollektivləri tonqal ətrafında dövrə vuraraq "yallı" rəqsini ifa ediblər. Kosa və Keçəlin duzlu-məzəli çıxışları isə şənliyə xüsusi rəng qatıb. Gəncə Dövlət Filarmoniyasının, "Göygöl" xalq çalğı alətləri ansamblının, Musiqi Kollecinin xor kollektivinin, Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupunun, Uşaq İncəsənət Məktəbinin rəqs ansamblının, Gəncə Dövlət Dram Teatrı və Kukla Teatrı aktyorlarının çıxışları alqışlarla qarşılanıb. Gəncənin görkəmli şəxsiyyətlərinin obrazları canlandırılıb. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan gəncəliləri "Novruz bayramı" münasibəti ilə təbrik edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibətilə gəncəliləri təbrik edərək onlara cansağlığı, ailə səadəti arzu edib. İcra başçısı barışıq və dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ölkənin sosial-iqtisadi, mədəni və ictimai həyatında yaxından iştirak edən bir qrup şəhər fəalına Fəxri fərmanlar təqdim olunub.

Sonda əmin-amanlıq və barış rəmzi olaraq sülh göyərçinləri səmaya uçurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti