Azərbaycan, Bakı, 2 aprel /Trend/
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi "Gənclər ilk Avropa Oyunlarına yaradıcı dəstək" layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində möhtəşəm festivalların keçirilməsinə hazırlaşır.
Mərkəzdən Trend-ə verilən məlumata görə, yaxın günlərdə baş tutacaq festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verəcəklər.
Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar keçiriləcəkdir. Avropa Oyunlarının Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, festival çərçivəsində Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaqdır.
Hazırda hər 2 şəhərdə bu festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilir, tədbirin proqramı üzərində iş aparılır.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar veriləndə dövlətimiz öz üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, 2013-cü ilin yanvarın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradıldı. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, onun gəncləri səfərbər olaraq, dövlətin yanında olmalı və ictimai dəstəyini əsirgəməməlidir. Bunları nəzərə alaraq, biz daha çox region gəncinin iştirakı ilə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarına dəstək nümayiş etdirməyi və bütün diqqəti bu tədbirə yönəltməyi planlaşdırırıq.
Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayacaqdır.