Azərbaycan, Bakı, 8 aprel /Trend/
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyətini qəbul edib.
AHİK-dən Trend-ə verilən məlumata görə, S.Mehbalıyev Alyansın prezidenti Yan Quz başda olmaqla nümayəndə heyətinin üzvlərini salamlayaraq deyib ki, Azərbaycan və Polşa əlaqələrinin uzun bir tarixi var. O bildirib ki, hər iki dövlətin xalqları əsrlər boyu bir-biri ilə dostluq əlaqəsində olublar.
S.Mehbalıyev deyib ki, Polşa və Azərbaycan həmkarlar ittifaqları mərkəzləri arasında yaranmış dostluq münasibətlərini təqdirəlayiq hesab etmək olar: "AHİK-in 2003 və 2013-cü illər ərzində keçirilmiş qurultaylarında da Ümumpolşa Həmkarlar İttifaqları Alyansı rəhbərlik səviyyəsində təmsil olunub. Eyni zamanda, Polşada fəaliyyət göstərən digər həmkarlar ittifaqı mərkəzləri də bizim tədbirlərdə yaxından iştirak edirlər. Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndələri də tez-tez ölkənizə səfər edir, vaxtaşırı Polşa Həmkarlar İttifaqları nümayəndələri ilə görüşürlər".
Çıxışının sonunda S.Mehbalıyev öz əminliyini bildirib ki, ölkələrmiz və həmkarlar ittifaqı təşkilatları arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək.
Y.Quz isə Azərbaycana növbəti səfərlərindən məmnunluğunu və səmimi qəbula görə nümayəndə heyətinin üzvləri və öz adından AHİK sədrinə təşəkkürünü bildirib. Nümayəndə heyətinin başçısı ölkələrimiz və xalqlarımız arasında, eyni zamanda, hər iki ölkənin həmkarlar ittifaqları mərkəzləri arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə, rəhbərlik etdiyi Ümumpolşa Həmkarlar İttifaqları Alyansının bu əlaqələrin inkişafına öz töhfələrini verəcəyinə inamını ifadə edib.