Azərbaycan, Bakı, 14 aprel /Trend/
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans işə başlayıb.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Cəlilabad, Masallı və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin Milli Məclisin deputatı iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq maarifləndirmə məqsədilə keçirilən bu tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib. Cəlilabaddakı dini durumdan danışan Ə.Əzizov qeyd edib ki, bölgədə qeydiyyatdan keçmiş dini icmaların hamısına fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini bildirən icra başçısı dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Qeyd edib ki, dini etiqad azadlığının təmin olunması, bölgədə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı vardır. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar, insanların düşüncələrində mənfi fikir yaradılır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir.
Dövlət Komitəsinin hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Komitə sədri radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. M.Qurbanlı bildirib ki, ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Dövlət Komitəsinin sədri qeyd edib ki, biz milli-mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq. Dövlət Komitəsi bu cür maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcək.
Konfransda içtirak edən Milli Məclisin deputatı Mirkazım Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Bölgə qazısı Prezident İlham Əliyevin dini maarifləndirmə işinin genişləndirilməsi məqsədilə dini icmalara maliyyə yardımı ayırmasını yüksək qiymətləndirərək bildirib ki, ölkədə aparılan düzgün siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur. Çıxışçılar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Sonra konfrans işini plenar iclaslarda davam etdirib. "Dini müxtəliflik: birgəyaşayışın harmonik vəhdəti kimi" mövzusunda keçirilən birinci plenar iclas DQİDK sədrinin birinci müavini Səyyad Salahının moderatorluğu ilə baş tutub. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi fəlsəfə doktoru Aqil Şirinov, "İslamda dini müxtəliflik: tarix və bu gün", Bakı İslam Universitetinin müəllimi, fəlsəfə doktoru Aslan Həbibov, "Vəhdət naminə məzhəblərarası dialoq" mövzularında məruzələrlə çıxış ediblər.
İkinci plenar iclas "Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği" mövzusunda keçirilib. DQİDK-nın Cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədovun moderator olduğu iclasda Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov "Milli-mənəvi dəyərlər və milli maraqlar" mövzusunda çıxış edib. Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov isə DQİDK-da hazırlanmış nümunəvi layihəni konfrans iştirakçılarına təqdim edib.
Dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.
Aprelin 15-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.