Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis etdiyi "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri elan olunub.
Akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin növbəti iclasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, adıçəkilən medalla təltif etmək səlahiyyəti ölkə başçısının 27 iyun 2014-cü il tarixli Fərmanı ilə AMEA-nın Rəyasət Heyətinə verilib. Bunu nəzərə alaraq, Rəyasət Heyəti 18 fevral 2015-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalar" təsdiq edib və həmin qərarla 2015-cil il üçün qızıl medala müsabiqə elan olunub.
Müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə bilikdə Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın bu il keçirilmiş yekun iclasında qızıl medala namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib.
Müsabiqənin nəticələrinə əsasən iclasda mədəniyyət və incəsənət sahəsində mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Cahangir oğlu Məlikovun və dünya elmi, habelə Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorovun "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif olunmaları barədə qərar qəbul edilib.
Qeyd edək ki, bu medal Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Medal ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələr, əsərlər, kəşflər, ixtiralar, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilir.
Qızıl medal bu il aprelin 29-da keçiriləcək AMEA-nın Ümumi Yığıncağında mükafatçılara təqdim olunacaq.