...

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2015 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, ölkəmizin mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq diyarı kimi tanınması, bununla əlaqədar müvafiq beynəlxalq imicinin formalaşmasına yönəldilmiş işlərin miqyasının genişləndirilməsi və bu sahəyə respublika elmi ictimaiyyətinin səfərbər olunması məqsədilə keçirilən tədbiri universitetin Elm və innovasiyalar üzrəprorektoru, professor Aydın Kazımzadə açıb. Azərbaycan hökumətinin sözügedən istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən A.Kazımzadə universitetin pedaqoji kollektivinin, bütün elmi potensialının Azərbaycanın tanıdılması və nüfuzunun artırılmasına xidmət edən forumun uğurla həyata keçirilməsində yaxından iştirak etməyə hazır olduğunu vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev qarşıda duran strateji hədəflər haqqında məlumat veriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən Bakı Prosesi və 2011-ci ildən ev sahibliyi etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları ölkəmizi dünya mədəniyyətləri və xalqları arasında multikultural ənənələrə sahib olan ölkə kimi təsdiq edib. Belə tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz əhəmiyyətə malikdir və ölkəmizə qarşı ikili standartlar münasibətinə qarşı effektiv silahdır.

Forum işini maraqlı diskussiyalarla yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti