...

Yol polisi avtobus sürücülərinə qarşı görülən tədbirləri açıqladı

Cəmiyyət Materials 30 Aprel 2015 16:52 (UTC +04:00)
Bakıda sərnişindaşıma ilə məşğul olan avtobusların iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Yol polisi avtobus sürücülərinə qarşı görülən tədbirləri açıqladı

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/

Bu il yanvarın 1-dən aprelin 30-dək Bakıda sərnişindaşıma ilə məşğul olan avtobusların iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələr 2, ölüm 2, xəsarət alma isə 9 fakt azalıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, yol polisi əməkdaşları ilin əvvəlindən aprelin 30-dək paytaxtda avtobuslar tərəfindən yol verilən qanun pozuntuları ilə əlaqədar 755 inzibati protokol tərtib edib: "Yol polisləri tərəfindən sərnişindaşıma sektorunda qayda-qanunun yaradılması məqsədilə görülən tədbirlər nəticəsində dayanma-durma qaydalarının pozulmasına görə 41, avtobusu dayanacaqdan kənarda saxlayıb sərnişinin minib-düşməsini təmin etdiyinə görə 60, yol hərəkətində lüzumsuz olaraq yüksək tonlu səs siqnallarından istifadə etdiyinə görə 16, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girdiyinə görə 3, qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına daxil olduğuna görə 64, avtomobili sərxoş halda idarə etdiyinə görə 3, avtobusdan əşyalar atdığına görə 4, svetoforun qırmızı işığında hərəkət etdiyinə görə 11, yolayrıcıları keçmə qaydalarını pozduğuna görə 44, ötmə-manevretmə qaydalarını pozduğuna görə 38, avtomobili texniki baxışdan keçmədiyinə görə 6, reysqabağı tibbi müayinədən keçmədiyinə görə isə 31 avtobus sürücüsü barəsində protokol tərtib edilib".

Onun sözlərinə görə, bundan əlavə, avtobusu müvafiq sənədlər olmadan idarə etdiyinə görə 30, müvafiq sürücülük kateqoriyası olmadığına görə 18, avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə 39 sürücü inzibati məsuliyyətə cəlb edilib.

V.Əsədov qeyd edib ki, Bakı şəhəri üzrə 1 il müddətində tərtib edilmiş protokollar əsasında 20 və daha artıq cərimə balı topladığı üçün 18 avtobus sürücüsü sürücülük hüququndan müxtəlif müddətlərə məhrum edilib, bundan başqa, polisin qanuni saxlama əmrinə tabe olmayan 21 sürücü barəsində təsirli tədbirlər görülüb.

Həmçinin, dislokasiya üzrə təhkim edilən ərazidə yol polisi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yol hərəkətində texniki cəhətdən nasaz halda idarə edilən 26 avtobus saxlanılıb, marşrut boyu 19 avtobus xətdən çıxarılıb.

Bölmə rəisi bildirib ki, vətəndaşlar tərəfindən BŞDYPİ-yə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair 16 fakt üzrə müraciət daxil olub. Onların əsasında dərhal araşdırma aparılaraq 13 sürücü barəsində törədilən xəta ilə əlaqədar sənədləşmə aparılıb. Bundan əlavə, ilin əvvəlindən bu günədək internet, sosial şəbəkələr və televiziyalar vasitəsilə yayılan videogörüntülər əsasında aparılan araşdırmalar nəticəsində 9 fakt üzrə 4 sürücü barəsində cəza tədbirləri görülüb.

V.Əsədov onu da əlavə edib ki, avtobus sürücüləri ilə əlaqədar Mərkəzi Məlumat Xidməti tərəfindən gün ərzində paytaxtın inzibati ərazisində orta hesabla 37-45 elektron qaydada fotomaterial hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti