...

9 may Gəncədə də qeyd edildi (FOTO)

Cəmiyyət Materials 10 May 2015 12:21 (UTC +04:00)
"Böyük Vətən müharibəsində faşizmə qarşı mərdliklə mübarizə aparan veteranlarımız, hər bir hörmət və ehtirama layiqdirlər".
9 may Gəncədə də qeyd edildi (FOTO)

"Böyük Vətən müharibəsində faşizmə qarşı mərdliklə mübarizə aparan veteranlarımız, hər bir hörmət və ehtirama layiqdirlər". Bu fikirlər alman faşizmi üzərində Qələbənin 70 illik yubileyi münasibətilə Gəncədə keçirilən təntənəli mərasimdə səsləndirilib.

Mərasim hərbi geyimdə olan məktəblilərin paradı ilə başlayıb. Sonra 1941-1945-ci illər Böyük Vətən müharibəsini əks etdirən rəsm, eləcə də bu müharibədə şücaət göstərən azərbaycanlı igidlərin həyatından bəhs edən kitabların sərgisinə baxış keçirilib.

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağında yerləşən məzarı önündə keçirilən yubiley tədbirində Azərbaycanın Dövlət Himni səsləndirilib. Məzarın önünə əklil qoyulduqdan sonra havaya yaylım atəşi açılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Böyük Vətən müharibəsinin iştirakçılarını təbrik edib və diqqətə çatdırıb ki, Azərbaycan faşizm üzərində qələbənin əldə edilməsinə çox böyük töhfələr verib. Bu müharibədə ölkəmizin 700 minə yaxın vətəndaşı iştirak edib ki, onlardan da 300 minə yaxını həlak olub. Azərbaycan neftçilərinin əməyi nəticəsində isə müharibənin qəti qələbəsi təmin edilib. Bu gün isə Azərbaycan xalqının güclü iqtisadiyyatı və qüdrətli ordusu var.

Keçmiş döyüşçülərdən 10 nəfərinə Qələbənin 70 illik yubiley medalları təqdim edildikdən sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mir Cəlalın "Ərik ağacı" əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev sinəsini orden və medallar bəzəyən veteranlarla söhbət edib, onların sosial-məişət qayğıları ilə bağlı arzu və təkliflərini dinləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti