...

Ucqar dağ kəndlərinin su təchizatı yaxşılaşdırılır (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndlərinin - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrası uğurla başa çatıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Vərgədüz kəndində içməli suyun verilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib: "Yardımlı rayonunun ucqar kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin yayında böyük bir layihənin icrasına başladıq. Bu gün artıq 4 kəndin sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar, gələcəkdə onların sayı 15-ə çatdırılacaq".

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.

İcrasına 2013-cü ildə başlanmış layihəyə əsasən su mənbəyi kimi Sineyir çayı hövzəsindəki bulaqlar seçilib. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbədə sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər müxtəlif diametrli borularla 24 km uzunluğunda magistral kəmər çəkilib. Magistral su xəttinin üzərində Osnakəran kəndində həcmi 500 kubmetr, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində tutumu 100 kubmetr olan su anbarları tikilmiş, kəndlərdə bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində 4 kənddə 6 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

Ümumilikdə layihə Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Layihənin icrası tam başa çatdıqdan sonra Yardımlı rayonunun 15 kəndində 2688 ailə təsərrüfatının və ya 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bu məqsədlə yeni xətlərin və anbarların tikintisi layihələndirilib.

Qeyd edək ki, "Azərsu" ASC Füzuli, Tovuz, Zaqatala, Ağcabədi, Quba rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də layihələr icra edir və iyun ayında bu layihələrin bir çoxu yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti