...

Bakıda dünyanın şokoladdan hazırlanmış 3D rəsmi təqdim edildi (FOTO)

Cəmiyyət Materials 5 İyun 2015 14:57 (UTC +04:00)
Bu gün dünyada ən böyük şokolad tablosu sayılan, çəkisi 200 kiloqram, eni 3 metrdən çox olan, xüsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi keçirilib.
Bakıda dünyanın şokoladdan hazırlanmış 3D rəsmi təqdim edildi (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün dünyada ən böyük şokolad tablosu sayılan, çəkisi 200 kiloqram, eni 3 metrdən çox olan, xüsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisinin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, əsər özündə I Avropa Oyunlarının mahiyyətini ehtiva edib: "Muzey Mərkəzində şokoladdan təqdim olunan bütün əsərlərdə Bakının ruhu, mühiti, abidələri doğru və dəqiq göstərilib. Mən sevinirəm ki, biz Bakıda bu əsərin təqdimatını keçirə bildik. Əsər I Avropa Oyunlarına gözəl töhfədir".

Sərginin açılışında iştirak etməkdən məmnun qaldığını deyən "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq şokolad tablosunun idman tədbirinə aid edilməsini müsbət qiymətləndirib: "Növbəti üç həftədə bütün dünyanın gözü Azərbaycanda olacaq. Bu tədbirə mədəniyyət sahəsinin də töhfə verməsi əlbəttə, bizi sevindirir".

Qeyd edək ki, şokolad ustası Nikolay Popov sərgi üçün Azərbaycana və paytaxt Bakıya həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq Qız Qalası, Hökumət evi, Muzey Mərkəzi, Akademik Opera və Balet Teatrı, "Alov qüllələri", meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb.

Sərgi iyunun 28-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti