...

"Azərsu" yeni tikilən binalarda su sayğaclarına görə əhalidən pul tələb edilməsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 10 İyun 2015 15:48 (UTC +04:00)
"Yeni tikilən binalarda su sayğaclarının quraşdırılması bizlik deyil və onların pulunun ödənilməsi də mənzil-tikinti kooperativləri ilə payçıların özləri arasında həll olunur".
"Azərsu" yeni tikilən binalarda su sayğaclarına görə əhalidən pul tələb edilməsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

"Yeni tikilən binalarda su sayğaclarının quraşdırılması bizlik deyil və onların pulunun ödənilməsi də mənzil-tikinti kooperativləri ilə payçıların özləri arasında həll olunur".

Bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bir qrup oxucunun Trend-ə yeni tikilmiş bəzi binalarda smart tipli su sayğaclarının quraşdırılması üçün əhalidən 174 manat pul tələb edildiyinə dair ünvanladığı şikayətlərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Azərbaycanda mənzil-tikinti kooperativlərinin (MTK) balansında olan və dövlət tərəfindən hələ təhvil alınmamış binalarda su sayğaclarının quraşdırılmasını "Azərsu" ASC həyata keçirmir. Sayğaclar binalarda MTK-ların özləri tərəfindən quraşdırılır və ödəmə məsələləri də MTK ilə sakinlər arasında qarşılıqlı razılıq əsasında həll edilir: "Təzə tikilən binalarda sayğacların quraşdırılması MTK ilə oradan mənzil alan sakinlərin öz aralarında həll olunur. Biz MTK-lara texniki şərt verəndə orada göstərilir ki, bina o zaman təhvil alınır ki, orada su anbarı tikilsin, su xətti çəkilsin və su sayğacları quraşdırılsın. Yəni həmin binalarda su sayğaclarının quraşdırılması da MTK-ların üzərinə düşür. Sayğacların pulunun MTK tərəfindən verilməsi, onun dəyərinin mənzilin kvadratmetrinin qiymətinə əlavə olunması və ya əlavə olaraq sakinlərdən yığılması məsələsini MTK ilə oradakı payçılar öz aralarında həll edirlər. Elə MTK-lar var ki, sayğacın pulunu mənzilin qiyməti ilə birgə hesablayır, eləsi də var ki, sayğacın pulunu əlavə alır. Yəni bunun bizə heç bir aidiyyəti yoxdur və buna görə heç bir məsuliyyət daşımırıq. Biz yalnız tikilən həmin bina üçün MTK-ya magistral xətdən yer ayırırıq".

A.Cəbrayıllının sözlərinə görə, digər hallarda "Azərsu" tərəfindən əhali qrupu üçün su sayğaclarının quraşdırılması və ya onların smart tipli sayğaclarla əvəzlənməsi tam pulsuz həyata keçirilir: "Amma əgər abonentin günahı ucbatından və ya mudaxiləsi nəticəsində sayğac sıradan çıxarsa, yenisinin quraşdırılmasının dəyərini abonent özü ödəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti