...

Zəfərin mübarək, Azərbaycan!

Cəmiyyət Materials 29 İyun 2015 13:52 (UTC +04:00)
Həyəcanla və maraqla gözlənilən uğurlu sonluqlu final zəfəri yaşandı. Gözlərdə sevinc göz yaşları, köksləri qabardan qürur, fəxarət hissləri ilə yaşandı həm də.
Zəfərin mübarək, Azərbaycan!

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

17 günün idman mübarizəsi başa çatdı və mükəmməl bir final yaşandı.

Həyəcanla və maraqla gözlənilən uğurlu sonluqlu final zəfəri yaşandı. Gözlərdə sevinc göz yaşları, köksləri qabardan qürur, fəxarət hissləri ilə yaşandı həm də.

Orada çox şey vardı. Sərf edilən böyük əməkdən, çəkilən ağır zəhmətdən sonra inamlı bir zəfər sonluğu yaşandı. Bunu çox aydınca üzlərdəki sevinc, fərəh hisslərindən sezmək mümkün idi.

Orada çox şey vardı. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, milli musiqisi yüksək peşəkarlıqla işlənmiş milli ornomentlərlə bəzədilmiş səhnə tərtibatları ilə tamaşaçıların gözünü, zövqünü, ruhunu oxşadı. Müasirliklə qədimliyin, klassikliyin vəhdəti yaşandı. Müxtəlif dilləri paylaşan insanlar Azərbaycanın ecazkar milli musiqisini dinləyərək bu millətin malik olduğu dəyərlərə bir daha heyran oldular. Azərbaycan dilini bilməyən, bu millətin musiqisi, mədəniyyəti haqqında bir o qədər də məlumatlı olmayan qonaqlar yəqin ki, uzun zaman qəlb oxşayan milli musiqimizin sehrini unutmayacaqlar.

Hər şey sanki bir harmoniya idi. Çıxışları seyr etdikcə sanki həm də bir rəng harmoniyasının sehrinə düşürdün. Mükəmməl final mərasimi - coşqulu bir bayrama çevrildi. Yaddaşlardan uzun zaman silinməyəcək bir bayrama.

Müxtəlif dilləri, dinləri, mədəniyyətləri birləşdirən bu bayram coşqusu əsl zəfər bayramı idi. Bu, insanların üzlərindəki fərəh hisslərindən bəlli idi. 17 gün ərzində idman mübarizəsi şəraitində bu insanlar bir araya gələrək əslində, həm də dostluq, qardaşlıq müstəvisində bir bayram ovqatı yaşamış oldular. Bütün bunların müəllifi isə Azərbaycandır.

Hər kəs bir idman bayramı yaşadı. Bu, dostluq, sülh, barış bayramı idi. Zəfər finalı bir idman bayramından daha çox məhz insanları birləşdirən, onları qardaşlığa, dostluğa, həmrəyliyə çağıran bir bayrama çevrildi. Bu isə, sevgili Vətənim Azərbaycanım üçün atılmış böyük bir addım oldu.

Bu bayram Azərbaycanın dünya dövlətləri arasında yerini, nüfuzunu, imicini, statusunu, möhkəmlətdi. Azərbaycan bir müsəlman ölkəsi olaraq belə bir idman yarışına ev sahibliyi etməklə vermiş olduğu mesajla məhz sülh tərəfdarı bir dövlət olduğunu bütün beynəlxalq aləmə bir daha sübut etdi. Müharibə yaşayan bir xalq, dövlət olaraq qapılarını hər zamankı kimi hər kəsin üzünə açan Azərbaycan bu məmləkətdə zora, ədalətsizliyə deyil, əksinə, qardaşlığa yer olduğunu hər kəsə nümayiş etdirdi.

Çətinlikdən qorxmayanlar çiyinlərini hər zaman çox cətin, müşkül işlərin ağırlığı altına verməkdən çəkinmirlər. Azərbaycan da uğuru ilə məhz belə etdi. Bütün bu işlərin öhdəsindən gəlməkdə isə ən çox çətinlik Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın çiyinlərinə düşdü. Bu gün artıq cəsarətlə demək olar ki, çəkilən əməklər, zəhmətlər boşa getmədi. Və Azərbaycanın tarixinə çoxlarına örnək, nümunə olacaq bir qələbə yazıldı.

Bu bayram zəfəri Azərbaycanın həm də sabaha açılan bir pəncərəsidir. Onu sabaha, gələcəyə aparan uğurlu yoldakı inamıdır. Azərbaycanın qarşıda üzünə açılacaq zəfər yollarında özünə olan əminliyidir. İmza atdığı uğurudur.

Zəfərin mübarək, Azərbaycan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti