...

Ekologiya Nazirliyindən xəbərdarlıq: Havaların quraq keçməsi meşələrdə yanğın təhlükəsini artırır

Cəmiyyət Materials 2 İyul 2015 11:30 (UTC +04:00)
Azərbaycanda yay mövsümündə meşələrin yanğlnlardan mühafizəsini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti gücləndirilmiş iş rejimində çalışır.
Ekologiya Nazirliyindən xəbərdarlıq: Havaların quraq keçməsi meşələrdə yanğın təhlükəsini artırır

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yay mövsümündə meşələrin yanğınlardan mühafizəsini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETS) Meşələrin İnkişafı Departamenti gücləndirilmiş iş rejimində çalışır. Bu barədə Trend-ə açıqlamasında departamentin sektor müdiri Sadiq Salmanov məlumat verib.

Onun sözlərinə görə, yay aylarında havaların quraq keçməsi ilə əlaqədar yanğın təhlükəsi artır: "Meşələrin yanğından mühafizəsi üçün sutkalıq növbətçilik sisteminə keçirilib. Bununla yanaşı, ETS-nin regionlarındakı müəssisələrində yanğınsöndürmə dəstələri fəaliyyət göstərir, gündəlik reydlər keçirilir".

S.Salmanov deyib ki, ötən il ərzində respublika ərazisində çəmi 52 hektar ərazidə yanğın hadisəsi baş verib: "Bu hadisələr zamanı meşə fonduna ciddi ziyan dəyməmişdi. Bu il ərzində isə meşələrdə hələ ki, yanğın baş verməyib".

S.Salmanov belə müsbət halı bu istiqamətdə əhali arasında maarifləndirmə işinin aparılmasının, mütəmadi olaraq, reydlərin keçirilməsinin nəticəsi kimi dəyərləndirib: "Ümumiyyətlə, yanğın hadisələrinin baş verməsində iki fakt əsas yer tutur. Yanğın əsasən taxıl yığımından sonra kövşənlərin, kol-kosun yandırılması zamanı baş verir. Həmçinin insanların ehtiyatsız davranmasından da bu cür hadisələr qeydə alınır".

S.Salmanov deyib ki, bu gün meşə fonduna aid ərazilərdə yanğınların baş verməməsi üçün insanlar daha diqqətli olmalıdırlar: "Bununla yanaşı, insanların özlərinin təbiətə münasibəti dəyişməlidir. Son 5 ildə bu istiqamətdə aparılan tədbirlər öz nəticəsini verib. Təsadüfi deyil ki, meşələrin qanunsuz qırılması halları 2,5 dəfə azalıb. Respublikaya ağac və ağac materiallarının idxalı da artıb. Amma bununla bərabər, maarıfləndirmə işlərinin də aparılması meşələrlə bağlı mənfi halların baş verməməsinə böyük fayda verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti