...

Dövlət Sosial Müdafiə Fondunun 6 aylıq hesabatı

Cəmiyyət Materials 28 İyul 2015 13:51
Dövlət Sosial Müdafiə Fondunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun 6 aylıq hesabatı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Dövlət Sosial Müdafiə Fondunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Trend-ə Fondun mətbuat xidmətindən məlumat verilib.

İclasda giriş nitqi söyləyən Fondun sədri Elman Mehdiyev Azərbaycanda uğurla reallaşdırılan sürətli islahatlar strategiyasından bəhs edərək ölkəmizin həyatının bütün sahələrində mühüm nailiyyətlər qazanıldığını, davamlı tərəqqi və dayanıqlı iqtisadiyyatın təmin edildiyini deyib. Azərbaycan Prezidentinin ümumxalq mənafeyinə xidmət edən düşünülmüş siyasətinə uyğun olaraq respublikamızda əldə olunan iqtisadi potensialın məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldildiyini qeyd edən Fond sədri vurğulayıb ki, bu siyasətin prioritet istiqamətlərindən biri kimi pensiya təminatı sistemi ötən dövrdə mütərəqqi beynəlxalq təcrübə əsasında yenidən qurulub, pensiyaçıların sosial müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Fond sədri əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin birinci yarısında da ölkəmizdə uğurla aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq yüksək nəticələr əldə olunduğunu, iqtisadiyyatın dinamik inkişafının davam etdiyini söyləyib. Bu əsasda sığorta-pensiya sisteminin də cari ilin 6 ayını müvəfəqiyyətlə başa vurduğunu diqqətə çatdıran E.Mehdiyev Fondun hesabat dövrü ərzində fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında Fondun gəlirləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 mln. manat və ya 3,2 faiz artaraq 1466,5 mln. manata yüksəlib. Hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin birinci yarısı ilə müqayisədə 8,0 faiz və ya 64,3 mln. manat artaraq 870,2 mln. manat təşkil edib. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 65,3 faizini və ya 568,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 49,1 mln. manat artıqdır. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin xüsusi çəkisinin azalmasına səbəb olub.

Cari ilin birinci yarısında Fondun xərcləri 1457,7 mln. manat təşkil edib və bunun da 1431,0 mln. manatı və yaxud 98,2 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 1395,4 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 35,6 mln. manat təşkil edib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

1 iyul 2015-ci il tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 122,5 min nəfər artaraq 3 milyon 098 min nəfərdən çox təşkil edib ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

"Elektron hökümət" portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin birinci yarısında Fondun öz saytı, "elektron hökumət portalı" və "elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 300 minə yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artıq olmaqla, keçən ilin illik göstəricisi səviyyəsindədir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan "Doinq Business 2015" hesabatında 32 pillə irəliləyib.

Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi" vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Fondun çağrı mərkəzinin fəaliyyəti Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydalarının" tələblərinə uyğun olaraq yenidən qurulub, habelə sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması məqsədilə 195 Çağrı Mərkəzinin Fondun çağrı mərkəzinə inteqrasiyası həyata keçirilib.

Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirlərinin daha da genişləndirilməsi nəticəsində pensiyaçıların 100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.

Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib.

Cari ilin birinci yarısında bu məqsədlə Fond 3 sayda mərkəzi, 8 sayda regional təqdimat keçirib. Bununla yanaşı "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı televiziya kanallarında yayımlanıb. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci ilin 6 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb.

Cari ilin 6 ayı ərzində vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. Hesabat dövründə bilavasitə Fondun sədri tərəfindən 223 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.

Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nda nəzərdə tutulan islahat tədbirlərinin icrası məqsədilə Fond tərəfindən kompleks tədbirlər, o cümlədən qanunvericiliyə dəyişikliklərin hazırlanması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti