...

Azərbaycanda niyə bələdiyyə məktəbləri yaradılmır?

Cəmiyyət Materials 1 Sentyabr 2015 15:51 (UTC +04:00)
Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Bunun səbəbi isə müxtəlif amillərlə izah edilir.
Azərbaycanda niyə bələdiyyə məktəbləri yaradılmır?

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Bunun səbəbi isə müxtəlif amillərlə izah edilir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Trend-ə bildirib ki, bələdiyyələrin maliyyə imkanları onlara bu cür müəssisələr yaratmağa imkan vermir: "Çünki orta məktəb yaratmaq çox vəsait tələb edir. Eyni zamanda, məktəbi yaşatmaq üçün də daim maliyyə vəsaiti tələb olunur. Tutaq ki, bir orta məktəb yaradıldı. Həmin tədris müəssisəsi davamlı olaraq fəaliyyət göstərməsə, onu yaratmağın bir mənası qalmır. Ancaq bələdiyyə pullu məktəb yarada bilər. Yəni, ya bələdiyyənin özünün maliyyəsi olduqda, yaratdığı məktəbi daim yaşada bilər, ya da bələdiyyə pullu məktəb yaratmalıdır".

T.Rzayev hesab edir ki, bələdiyyələr iş adamlarının, sahibkarların köməyi ilə belə məktəblər yarada və formalaşdıra bilərlər: "Bunun üçün təşəbbüs lazımdır. Yaxud da bir neçə bələdiyyənin birləşməsi lazımdır ki, bu işləri tədricən həyata keçirmək mümkün olsun".

T.Rzayevin sözlərinə görə, bələdiyyələr həm də uşaq bağçaları yarada bilərlər: "Bu gün Bakıda və rayonlarda uşaq bağçalarına böyük ehtiyac var. Fərdi şəxslər uşaq bağçaları aça bilirlər, ancaq bələdiyyələr buna təşəbbüs göstərmirlər. Bu çətin bir məsələ deyil. Bələdiyyələr istəsələr bu işi həyata keçirə bilərlər. Bu, həm də bələdiyyələr üçün bir gəlir mənbəyi ola bilər. Yəni, müəyyən fiziki və hüquqi şəxslər uşaq bağçaları yaradır və vətəndaşlar da onlara xeyli vəsait ödəyirlər. Bunu niyə bələdiyyə edə bilmir? Edə bilər, amma təşəbbüs yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti