Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisin Sosial siyasət komitəsi eynəklərlə bağlı yeni qanun layihəsi hazırlamağa başlayıb.
Trend-in məlumatına görə, bu sənədin "Eynəklər haqqında" qanun layihəsi adlandırılması nəzərdə tutulur. Qanun layihəsinin Milli Məclisin növbəti sessiyalarında müzakirələrə təqdim olunması gözlənilir.
Qanunun qəbul edilməsində məqsəd insanları həkim məsləhəti olmadan eynək, gözlük və linzalardan istifadə etməkdən çəkindirməkdir. Qeyd olunur ki, eynəklərdən düzgün istifadə etməmə insan üçün növbəti fəsadların yaranmasına səbəb olur.
Oftalmoloq-cərrah Azər Kərimov da təklif olunan qanunun bu gün üçün vacib olduğunu hesab edir. O, Trend-ə açıqlamasında eynək, gözlük və linzalardan istifadədən əvvəl həkim məsləhəti almağın mütləq vacib olduğunu qeyd edib: "Azərbaycanda optikalarda cihazlar qoyub, eynəklər təyin edib insanlara verirlər. Bir çox ölkələrdə, misal üçün, elə Türkiyədə optikanın özünün eynək təyin edib insanlara satması qadağandır".
A.Kərimov bildirib ki, eynəklər ilk növbədə həkim tərəfindən təyin olunmalıdır və optika da ona uyğun eynəyi verməlidir: "Eynəklərin düzgün seçilməməsi müxtəlif problemlərə, xüsusən də uşaqlarda gözdə çəpliyin yaranmasına səbəb ola bilər".
Oftalmoloq ölkəmizdə geniş satılan ucuz qiymətli gün eynəklərinin də insan üçün ziyanlı olduğunu bildirib: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan olur. Onların işıq keçiriciliyi fərqli olur. Yəni tam şəffaf olmadığına görə az işıq keçirir və buna görə də fokuslanma prosesində problemlər əmələ gəldiyi üçün insanda başağrısı, başgicəllənməsi yaradır".