...

Azərbaycanda turizm təhlükəsizliyi konsepsiyası hazırlanacaq

Cəmiyyət Materials 9 Sentyabr 2015 12:24 (UTC +04:00)
Azərbaycanda turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda turizm təhlükəsizliyi konsepsiyası hazırlanacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.

Qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.

Həmçinin, tənzimləyici yeniliklər kimi turizm sahəsində qanunvericilik maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunub.

Bu qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli idarə olunması, dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq.

Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti